Azərbaycanda çıxarışı olmayan evlərin sığortalanmasının mümkünlüyü və bunun üçün tələb edilən sənədlər mülkiyyətçilər üçün aktual suallardandır.
Bəs çıxarışı olmayan fərdi yaşayış evlərini və mənzilləri icbari və ya könüllü sığorta etdirmək mümkündürmü? Bunun üçün hansı sənədlər tələb olunur?
Mövzu ilə bağlı KONKRET.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, çıxarışı olmayan evlərin sığortalanması üçün tikiliyə dair hər hansı sənədin mövcudluğu vacibdir.

Ekspertin sözlərinə görə, alqı-satqı müqaviləsi, order, qeydiyyat vəsiqəsi, məhkəmə qərarı və ya etibarnamə kimi sənədlər evin sığortalanması məsələsinə baxılması üçün əsas ola bilər.
O, qeyd edib ki, yalnız torpaq sahəsinə dair çıxarışın olması həmin ərazidə yerləşən evin də sığortalanması üçün kifayət etmir. Çünki torpağın çıxarışı yalnız torpaq sahəsinə aiddir və üzərindəki tikilinin hüquqi vəziyyətini təsdiqləmir.
“Bəzən sual yaranır ki, torpağın sənədi, çıxarışı varsa, onun üzərində yerləşən fərdi yaşayış evini və ya mənzili də sığortalamaq olarmı? Əlbəttə ki, olmaz. Çünki torpağın çıxarışı yalnız torpağa məxsusdur. Söhbət evdən və ya mənzildən gedirsə, həmin tikiliyə aid sənədlər də olmalıdır”, – deyə ekspert vurğulayıb.
Emil Ağabağırovun sözlərinə görə, bu tələb həm icbari, həm də könüllü əmlak sığortasına aiddir.
Beləliklə, çıxarışın olmaması evin sığortalanması imkanının avtomatik olaraq istisna edilməsi demək deyil. Lakin tikiliyə dair müvafiq sənədlərin mövcudluğu və onların sığortaçı tərəfindən qəbul edilməsi mühüm şərtdir.
Aynurə İsmayıl
KONKRET.az
