Azərbaycanda işsizliyə görə kimlər müavinət ala bilər? Bunun üçün vətəndaş hara müraciət etməlidir? Ölkəmizdə bununla bağlı sosial yardımı kimlər və necə ala bilər? Bu və ya digər suallar ətrafında Dövlət Məşğulluq Agentliyinə müraciət etdik.
KONKRET.az xəbər verir ki, agentliyin sözçüsü Mayis Musayev Referans.az-ın sorğusuna cavab olaraq bildirdi ki, “Məşğulluq haqqında” Qanuna əsasən məşğulluq sistemində işsiz kimi qeydiyyatda olan şəxslər üçün işsizlik müavinəti adlı bir ödəniş növü mövcud deyil. Yalnız işsizlikən sığorta ödənişi adlı sosial təminat növü var ki, bu ödəniş də yalnız Qanunla nəzərdə tutulan hallarda ödənilir.
Həmçinin o da qeyd olundu ki, əgər vətəndaşın əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğvi, işçilərin və ya dövlət qulluqçularının say, ştatların ixtisar edilməsi, müddətli əmək müqaviləsinin müddətinin bitməsi, müəssisənin mülkiyyətçisi dəyişdikdə,əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsina) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda və əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə maddəsi ilə əlaqədar xitam verilibsə onun işsizlikdən sığorta ödənişi üçün hüququ yarana bilər.
“Bu hallardan biri baş verdikdə vətəndaş DOST Mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına müraciat edərək qeydiyyata düşə bilər. Dövlət Məşğulluq Agentliyinin yerli qurumları şəxsin müraciətinə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qarar çıxarır və bu baradə müraciət etmiş şəxsə məlumat verirlər”,- deyə Agentlik rəsmisi əlavə edib.