Dünyanın aparıcı banklarından olan “HSBC” ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətini davam etdirərsə və ya geosiyasi risklər artsa, dolların möhkəmlənməsi daha sürətli ola bilər. Bu isə qlobal maliyyə bazarlarına, eləcə də dollarla hesablaşan ölkələrin iqtisadiyyatına təsir göstərə bilər. Belə bir şəraitdə Azərbaycanda dolların məzənnəsi və maliyyə bazarına mümkün təsirlər də yenidən müzakirə mövzusuna çevrilib.
İlin sonuna qədər dollar-manat məzənnəsi ilə bağlı hansı ssenarilər daha real görünür?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, hazırkı şəraitdə ilin sonuna qədər ən real ssenari dollar-manat məzənnəsinin 1,70 səviyyəsində qalmasıdır:
“Azərbaycan Mərkəzi Bankı (AMB) üzən məzənnə rejimi tətbiq etmir. Manatın sabitliyi əsasən ölkənin valyuta ehtiyatları, neft gəlirləri və valyuta bazarına müdaxilə imkanları ilə təmin olunur. Əgər ABŞ-da FED faiz dərəcələrini yüksək səviyyədə saxlasa və dollar qlobal bazarlarda bahalaşsa, bu, bir çox ölkələrin valyutalarına təzyiq göstərər. Lakin bu, avtomatik olaraq manatın ucuzlaşacağı anlamına gəlmir”.
İqtisadçı bildirib ki, Azərbaycanda məzənnəyə təsir edən əsas amillər daxili valyuta bazarında tələb-təklif, neftin qiyməti və Dövlət Neft Fondunun bazara valyuta satışlarıdır:
“Yalnız neft qiymətlərində uzunmüddətli kəskin eniş, ixrac gəlirlərinin əhəmiyyətli azalması və ya xarici iqtisadi şokların güclənməsi halında məzənnə ilə bağlı risklər arta bilər. Hazırkı makroiqtisadi göstəricilər fonunda isə ilin sonunadək dollar-manat məzənnəsində ciddi dəyişiklik gözlənilmir”.
