“İdrak” liseyində baş verən hadisə parlamentdə müzakirə olunub.
KONKRET.az xəbər verir ki, bu barədə deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb.
“Son günlər Bakıda məktəblərdən birində baş verən xoşagəlməz hadisəyə toxunmaq istəyirəm. Bu gün xüsusilə ağıllı telefonların, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri günü-gündən daha da artmaqdadır. Artıq dünyanın bir sıra ölkələrində həyəcan təbili çalınmaqdadır.
Uşaq və yeniyetmələrin bu zərərli təsirlərdən qorunması məqsədilə tənzimləyici mexanizmlər barədə ciddi düşünməyə ehtiyac var. Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxmaq imkanı var.
Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var. Onu da qeyd edim ki, artıq dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qərarlar qəbul edilir. Artıq bir sıra Avropa ölkələri, o cümlədən İtalya və İspaniyada artıq qərar və qanunların qəbul olunmasına başlanılıb.
Düşünürəm ki, artıq ölkəmizdə də bu istiqamətdə işlərə başlanılmasına ehtiyac var. Əks halda bu cür halların sayı daha da artacaq, proseslərin qarşısını almaq çətinləşəcək. Bu məsələdə həm məktəblərimizin, həm də ailələrimizin üzərinə böyük məsuliyyət düşür. Ailələrimiz övladlarına daha çox vaxt ayırmalı, tərbiyə işinə daha çox diqqət yetirməli, onlarla daha çox ünsiyyətdə olmalıdır”, – deputat bildirib.
Xatırladaq ki, fevralın 6-da Bakıdakı “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
