DİQQƏT: Bu hal baş verənə qədər quru sərhədləri bağlı qalacaq…backend

DİQQƏT: Bu hal baş verənə qədər quru sərhədləri bağlı qalacaq...

Bakı–Tehran quru sərhədi boyunca sərnişin daşımalarının bərpası ilə bağlı aparılan müzakirələr fonunda, Azərbaycanın İranla quru sərhədlərinin 2026-cı il ərzində açılıb-açılmayacağı yenidən gündəmə gəlib. Bəs, İranla quru sərhədlərin 2026-cı il ərzində açılması real görünürmü?

Mövzu ilə bağlı Ağ Partiya sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, məsələ təkcə İranla bağlı deyil:

“Tək İranla deyil, bizim həm də Gürcüstan, Türkiyə, Rusiya və Ermənistanla quru sərhədlərimiz bağlıdır. Bu sərhədlərin işlək olması istər sərnişin, istərsə də yük daşımaları baxımından strateji məsələdir. Təəssüf ki, Azərbaycan artıq təxminən 5 ildir quru sərhədlərini bağlı saxlayır”.

Partiya sədri rəsmi izahların təhlükəsizliklə əlaqələndirilməsini inandırıcı hesab etmədiyini deyib:

“Sərhədlərin bağlı qalması təhlükəsizliklə izah olunur. Amma hazırda müxtəlif şərhlər var. Biz düşünürük ki, bunun təhlükəsizliklə birbaşa əlaqəsi yoxdur. Əksinə, bəzi oliqarxların gəlirlərinin artırılmasına hesablanmış addımlar kimi görünür”.

Tural Abbaslı vurğulayıb ki, İranla aparılan müzakirələr fonunda yalnız bu ölkə ilə sərhədlərin açılması real deyil:

“Əgər sərhədlər açılacaqsa, bu, tək İranla yox, bütün qonşu ölkələrlə olmalıdır. O zaman Gürcüstan, Rusiya, Türkiyə ilə də açılmalıdır. Bu, zamanın və dövlət maraqlarının tələbidir”.

Ağ Partiyasının sədri sərhədlərin açılmasının cəmiyyət üçün faydalı olacağını desə də, yaxın perspektivdə bunun baş verəcəyinə inanmadığını bildirib:

“Sərhədlər açılsa, dövlətə də, millətə də faydalı olar, insanlar əziyyət çəkməz. Amma şəxsi mövqeyim odur ki, sərhədləri açmaq niyyətləri yoxdur. Bacardıqları qədər, narazılıq pik həddə çatana, təhlükəli mərhələ yaranana qədər sərhədlər bağlı qalacaq”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*