Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Sarayevo küçəsi son günlər sakinlərin narahatlıqla izlədiyi mənzərəyə çevrilib. Yolayrıcında illərdir mövcud olan yaşıllıq sahə qısa müddət ərzində tamamilə məhv edilib. Sakinlərin şikayəti əsasında KONKRET.az-ın əməkdaşı əraziyə yollanıb və baş verənləri yerində müşahidə edib.
Əraziyə daxil olan kimi ilk diqqəti çəkən məqam ondan ibarətdir ki, vaxtilə ağacların, kolların olduğu sahədən indi heç bir iz qalmayıb. Torpaq qatının yerini beton və daş örtük alıb. Sakinlərin sözlərinə görə, bütün bu proses bir neçə saat ərzində həyata keçirilib. “Təmizlik” adı altında aparılan işlər zamanı ağır texnika əraziyə cəlb olunub, ekskavatorlar yaşıllıq sahəni tamamilə dağıdıb, onlarla ağac kökündən çıxarılıb. Daha sonra isə həm ağacların çıxarıldığı yerlər, həm də ətraf sahə daşla döşənib.
Sakinlər bildirirlər ki, Sarayevo küçəsində bu, ilk belə hadisə deyil. Onların sözlərinə görə, əvvəlki illərdə də eyni küçə boyunca bir neçə yaşıllıq zonası mərhələli şəkildə məhv edilib və qısa müddət sonra həmin ərazilərdə restoranlar və digər obyektlər fəaliyyətə başlayıb. Bu səbəbdən yerli əhali bu dəfə də oxşar ssenarinin təkrar olunacağından narahatdır. Onlar istisna etmirlər ki, hazırda məhv edilən yaşıllıq sahəsinin yerində də yaxın zamanda ictimai iaşə obyekti tikilə bilər.
KONKRET.az-ın əməkdaşının müşahidələri də sakinlərin dediklərini təsdiqləyir. Ərazidə aparılan işlərdən sonra nəinki yaşıllıq, hətta torpaq qatının özü belə sıradan çıxarılıb. Bu isə gələcəkdə həmin sahənin yenidən yaşıllaşdırılmasını faktiki olaraq mümkünsüz edir.
Qeyd edək ki, sözügedən ərazidə üç il əvvəl – 2023-cü ilin fevral ayında da analoji işlər aparılmağa cəhd edilmişdi. Həmin vaxt sakinlərin kütləvi etirazlarından sonra proses yarımçıq saxlanılmış, yaşıllıq zolağında quraşdırılan konstruksiyalar sökülmüş və ərazi əvvəlki vəziyyətinə qaytarılmışdı. Lakin bu dəfə işlərin daha sürətli və etirazlara baxmayaraq başa çatdırılması sakinlərdə narazılığı daha da artırıb.
Sakinlər baş verənləri təkcə bir yaşıllıq sahəsinin itirilməsi kimi yox, ümumilikdə şəhərin ekoloji təhlükəsizliyinə vurulan zərbə kimi qiymətləndirirlər. Onlar xatırladırlar ki, Ümummilli Lider Heydər Əliyev zamanında açıq şəkildə demişdi: “Bir ağac kəsmək, bir insan öldürmək deməkdir.” Yerli əhalinin fikrincə, bu sözlər bu gün daha da aktuallaşıb və Sarayevo küçəsində baş verənlər həmin prinsipə ziddir.
Hazırda sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etməyə hazırlaşırlar. Onlar tələb edirlər ki, ərazidə aparılan işlərin hüquqi əsasları açıqlansın, yaşıllığın bərpası ilə bağlı tədbirlər görülsün və gələcəkdə Sarayevo küçəsi kimi yaşayış məntəqələrində yaşıllıq sahələrin bu cür məhv edilməsinə yol verilməsin.
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefona cavab verən növbətçi fikir bildirmək səlahiyyətinin olmadığını dedi və rəsmi sorğu ilə müraciət ünvanlamağı məsləhət gördü. Rəsmi surətdə sorğu göndərməyimizə baxmayaraq üzərindən iki həftəyə yaxın vaxt keçsə də cavab verən olmadı.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yaşıllıqların qorunması və ağac əkilməsi istiqamətində olduqca böyük işlər görülür. Azərbaycan Prezidenti çıxışlarının birində demişdir: “Aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.
Ancaq görünür, bu xəbərdarlıqdan nəticə çıxarmaq əvəzinə, bir sıra rayonlarda yaşıllıqlar məhv edilir. İnanırıq ki, aidiyyatı qurumlar bununla bağlı ölçü götürəcəklər.
Natiq Səlim
KONKRET.az
