Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edərək iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsini təmin etmək məqsədilə əhaliyə müraciət edib.
“Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar”, – müraciətdə bildirilib.
Mövzu ilə bağlı bağlı fikirlərini KONKRET.az-la bölüşən ilahiyyatçı Tural İrfan rəsmi qurumların məsələ ilə bağlı həssaslığını yüksək qiymətləndirib:
“Azyaşlı uşaqların dini tədbirlərə aparılması onların əziyyət çəkməsinə, xəstələnməsinə, zərər görməsinə səbəb olarsa, bu günahdır. Nəzərə alsaq ki, bu il Məhərrəm ayı anomal istilərin müşahidə olunduğu zamana təsadüf edir, by halda şübhəsiz ki, körpə uşaqların, azyaşlıların səhhətində problem yarana bilər. Necə ki, Məkkədə Həcc zamanı çoxsaylı zəvvar istidən həlak oldu. Ümumiyyətlə, uşaqların Məhərrəm ayında keçirilən toplantılara cəlb edilməsi uyğun deyil. Xalqımızın adətində də var ki, uşaqlar toya aparılsa da, yasa, faciə məkanına aparılmır. Çünki bu, uşaqların psixologiyasında mənfi iz buraxır”.
Müsahibimiz eyni zamanda uşaqların Qurban bayramı günlərində heyvanların kəsildiyi məkanlara buraxılmamasını tövsiyə edib:
“Qurban kəsərkən proses uşaqların gözləri qarşısında icra edilməməlidir. Məhərrəm ayında keçirilən tədbirdə də əsasən başa, sinəyə döymək, özünü vurmaq, lənət, ağı, nifrin kimi uşaqlarda psixoloji travmalar yarada bilən hərəkətlər icra edilir. Odur ki, heç bir dini təsəvvürü olmayan uşaqların həmin məclislərə aparılması doğru deyil. Uşaqları belə məclislərə cəlb etmək haqda dini əmr və ya hökm yoxdur. Müşahidələr göstərir ki, hətta uşaqları belə məclislərə apararaq onları da sinələrinə, başlarına vurmağa təşviq edirlər. Hətta əvvəllər uşaqların alnını ülgüclə çapıb qan da çıxarırdılar. Belə şeylər İslama yaddır və İmam Hüseynin yoluna, şəhid olduğu amala ziddir. Uşaqları təhsilə yönəltmək lazımdır, xurafata deyil. İmam Hüseyn (əleyhissəlam) xurafat yaşasın deyə yox, elm, təhsil, mənəviyyat, mədəniyyət yaşasın deyə şəhid oldu. Gərək o ali şəxsiyyətin müqəddəs amalına hörmət və əməl edək”.
Natiq Səlim
KONKRET.az