Mafiya zorakılığı ilə mübarizə aparan Haitidə yeni hökumət qurulub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hökumət sözçüsü Kettia Marcellus bildirib ki, bandaların törətdiyi zorakılıqlardan sonra yaradılmış Keçid Şurası nazirlikləri təyin edib. Qeyd olunub ki, mayın 28-də baş nazir seçilən Qarri Konil yeni hökumətdə həm də daxili işlər naziri vəzifəsini icra edəcək.
Yeni hökumət aylardır quldur dəstələrin törətdiyi zorakılıqlarla mübarizə aparan Haitidə sabitliyi təmin etməyi qarşısına məqsəd qoyub.
Martın 2-də və 3-də Port-au Prince və Croix des Bouquets bölgəsi yaxınlığındakı iki həbsxanaya silahlı hücumlar həyata keçirən silahlı dəstələr təhlükəsizlik qüvvələri ilə toqquşub. Qarşıdurmalar zamanı təxminən 4 min məhbus qaçıb, 12 nəfər həyatını itirib. Hökumət cinayətkarları tutmaq üçün fövqəladə vəziyyət elan edib.
Paytaxtın müxtəlif yerlərində yolları bağlayan silahlı dəstələr beynəlxalq hava limanının fəaliyyətini dayandırmağa cəhd edib, əsas ehtiyac məhsulları ilə dolu konteynerlərin gəldiyi ən böyük limanın müntəzəm fəaliyyətini pozublar.
Birləşmiş Millətlər Təşkilatı (BMT) aprelin 22-də Haitidə 2024-cü ilin ilk 3 ayında quldur dəstələrin zorakılığı nəticəsində 2500 nəfərin öldüyünü və ya yaralandığını bildirib. İntensiv etirazların davam etdiyi Haitidə aprel ayında fəaliyyətə başlayan Keçid Şurası mayın 28-də Konili yeni baş nazir təyin edib.
Natiq Səlim,
KONKRET.az