“Mədəniyyət naziri bu məsələdən də tam xəbərsizdir” – Elçin Əliyevbackend

"Mədəniyyət naziri bu məsələdən də tam xəbərsizdir" - Elçin Əliyev

“Mədəniyyət nazirinin ADA universitetində Şəhərsalma Forumu çərçivəsində çıxışına qulaq asaraq təəssüf ki, vaxt itirdim: müxtəlif memarlıq abidələrinin sayı haqqında sonsuz rəqəmlər oxuyan həqiqi məmurun quru hesabatından başqa bir məlumat almadım. Üstəlik, iştirakçılara bu, üzündən oxunaraq cədvəllər şəklində təqdim edildi”.

KONKRET.az xəbər verir ki, bu sözləri öz açıqlamasında professor Elçin Əliyev deyib. O, fikirlərini belə davam etdirib:

“Mədəniyyət Nazirliyinin rəsmiləri işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin dəhşətli vəziyyətinə dair inandırıcı slayd-şou belə hazırlaya bilməyiblər: telefonlarla çəkilmiş bir neçə keyfiyyətsiz bulanıq foto, onlardan biri, nazirin təqdim etdiyi “vəhşicəsinə” dağıdılmış məscid fotosu əslində kilsənin fotosu idi.

Təəssüflər olsun ki, dövlət qurumu hətta Şuşadakı memarlıq abidələrinin siyahısı ilə təqdim olunan broşürü belə müstəqil şəkildə çap edə bilmir. Təbii ki, hər şey müxtəlif şirkətlərlə “birgə” edilir. Bu dəfə “İPOGEA” dövlətimizə bu “ağır” və “çətin” işdə köməklik edib.

Təəssüf ki, yüzlərlə memarlıq abidəsini necə bərpa edəcəyimiz, gələcək işlərin strategiyası, onların həyata keçirilməsi prinsiplərini əhatə edən ciddi söhbətlər haqqında heç bir məlumat eşitmədim. Məsələn, mən çox narahatam: dağıdılmış irsi qoruyub-saxlayacağıq, yoxsa yenidən bərpa edəcəyik? Kim cavab verəcək, bununla bağlı rəsmilərin heç bir fikri yoxdur. Yalnız rəqəmlər və ölkə rəhbərliyinə şablon təşəkkürlər.

Ona görə görüşün sonunda imkan tapıb sualımı verdim: “Cənab nazir, dağıdılmış irsi qoruyub-saxlayacağıq, konservasiya edəcəyik, yoxsa yenidən bərpa edəcəyik? Bu məsələ haqqında nə deyə bilərsiniz?”.

Bu məsələdən özünün tam xəbərsizliyini (yumşaq desəm) göstərərək, nazir cavab verdi ki, bunu əsasən, ərazidə yaşayan və tarixi binadan istifadə edən icma özü həll edəcək, əsas onlar bu məsələ ilə bağlı qərar verəcək….

Təbii ki, bu absurddur! Memarlıq abidəsinin taleyini ancaq mütəxəssislər və dövlət həll edə bilər!”

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*