Hər bir ailə kiçik dövlətdir. Onların arasında bütün çətinliklərə rəğmən möhkəm qalıb dağılmayanlar olur. Əfsus ki, bu xırda dövlətini qoruya bilməyənlər də az deyil.
KONKRET.az dəfələrlə boşanmaların sayının artdığı barədə bəhs edib. Lakin bu dəfəki mövzu kiçik dövlət sayılan ailə yox, həmin ailələrin cəmləşdiyi əsl dövlətdir.
Azərbaycan dövlətçiliyi eradan əvvələ söykənir. Mannadan sonra, indi ermənilərin öz adına çıxartmaq istədiyi Urartu da, Albaniya da, Atropotena və s. Azərbaycan dövlətləri olub. Sadəcə, o zamanlar tayfa-nəsil hökmranlığı olduğu üçün eyni millətin müxtəlif ləhcəli üzvləri ərazi uğrunda bir-birinə qarşı vuruşub. Bizim eramızda da müxtəlif xarici istilalara baxmayaraq, çoxsaylı şahlıqlarımız olub. Ən geniş ərazi və ən uzunömürlülərin adını çəksək, kifayətdir: Ağqoyunlular (Bayandurilər), Qaraqoyunlular, Şirvanşahlar, Səfəvilər.
Düzü, bu dövlətlərimiz də bir-birilərilə vuruşduqlarına görə kənar müdaxilə və hücumların qarşısında zəifləyiblər. O demək deyil ki, imperiyalarımızın dövlətçiliyi yox idi. Əsla! Sadəcə, o vaxtlar azərbaycançılıq ideologiyası formalaşmamışdı. O səbəbdən də azərbaycanlılar bir-birinin sonuna çıxırdı. Xarici siyasət də ultimatum xarakterli olmasa, Osmanlı-Səfəvi münasibətləri müasir Şuşa bəyannaməsi konseptində olsaydı, indi buralarda nə rus, nə fars at oynadırdı.
Müsəlmanın sonrakı peşmançılığı olmaya da…
Sonrakı dövrdə Azərbaycan xanlıqlara bölündü və Rusiya ilə İran arasında (Gülüstan, Türkmənçay) bölüşdürüldü. Bizim torpaqlarda Nikolayların aftafa daşıyanları – ermənilər məskunlaşdırılmağa başladı. “Yersiz gəldi, yerli köç” deportasiyalarına start verildi. Bir şey ki, Azərbaycan Xalq Cümhuriyyətinin (1918) parlamentində 7 ermənidən ibarət “Daşnaksütyun” fraksiyası var idi. Bundan əlavə, 5 dığadan ibarət “Erməni” fraksiyası da olub. Əlbəttə ki, bütün dünyaya gözəl örnəkdir. Di gəl ki, ermənilərin bizə ərazi iddiaları var idi. Müstəqilliyini yenicə qazanmış bir dövlətdə təzə yaranmış SSRİ-nin də gözü bu torpaqlardaykən 12 nəfərlik “Sosialistlər” fraksiyası nəyə lazım idi?

Bəli, Azərbaycan indi də tolerant və çoxmillətlidir. Parlamentdə də çox millətə yer verilir. Hətta bəzi təsdiq olunmamış şayiələrə görə vəzifədə olan yarıermənilər də var. Amma onlar da ölkənin vahid siyasi xəttinə tabedirlər. Çünki Azərbaycanda Ulu Öndər Heydər Əliyevin canlandırdığı dövlətçilik-azərbaycançılıq ideologiyasına söykənir. Yəni hamı Azərbaycan naminə çalışmalıdır. Bu ideologiya olmasaydı, xaosun hökm sürdüyü 90-larda yenə xanlıqlara parçalana bilərdik. Ölkəmizi hər zaman parçalamaq istəyənlər olub və indi də var. Amma hazırda məqsədlərinə çata bilməyəcəklər. Belə ki, 1993-dən bu yana olan xalq-iqtidar birliyi 2020-ci ilin 44 günlük Zəfəri ilə daha da möhkəmləndi. Mənfur niyyətli missionerlər onda da gördülər ki, Azərbaycanda yaşayan sünni-şiə, xristian-yəhudi, ateist-deist, ləzgi, avar, talış, tat, rus, türk və s. millətlər bir xalq, azərbaycanlı kimi Qarabağ uğrunda çiyin-çiyinə vuruşur. Deməli, böyük güclərin Azərbaycanı dini-etnik zəmində çalxalamaq cəhdi boşunadır. Bu isə araqarışdıranların silahsız qalması deməkdir.

- – Çünki müharibədən sonra istifadə etdikləri narazılıq predmeti qazi və şəhid ailələri ilə bağlı idi. Bu məsələ isə dövlətin diqqətindədir.
- – Əhalinin rifah şəraiti artır deyə sosial ajiotaj həmlələri də qalmayıb.
- – Hazırda çarəsiz kimi təhsildə yaşanan xırda xoşagəlməzlikləri gündəm edirlər. Amma yenə də mənasızdır. Çünki Azərbaycanın dövlətçilik sütunları onların təxəyyülündən daha dərindədir.
KONKRET.az-ın ANALİTİK QRUPU

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği” mövzusuna uyğun olaraq dərc edilir.
