Rusiyaya qarşı sanksiyalar: Avropa Özbəkistandan nə istəyir?backend

Rusiyaya qarşı sanksiyalar: Avropa Özbəkistandan nə istəyir?

Aprelin 28-də Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sullivan Özbəkistanın paytaxtı Daşkəndə gəlib və Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Avropalı diplomatın Özbəkistana səfəri nə məqsəd daşıyır?

Qeyd edək ki, Rusiya Ukraynanı işğal edəndən bəri Avropa Birliyi Moskvaya qarşı 7 mindən çox sanksiya tətbiq edib. Eyni zamanda, sanksiyalar sayı hətta İran və Şimali Koreyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən çoxdur. Sanksiyalar konkret şəxslərə, siyasi elitalara, iqtisadiyyatın ayrı-ayrı sahələrinə və bütöv ölkələrə qarşı yönələ bilər.

Devid O’Sullivan Daşkənddə sanksiyaların məqsədini açıqlayıb və Özbəkistanla bağlı məsələyə münasibət bildirib.

“İndiyədək Avropa İttifaqı Rusiyaya qarşı konkret məqsədyönlü sanksiyalar tətbiq edib. Məqsəd Rusiya hərbi maşınının güclənməsinin qarşısını almaqdır. Sanksiyalar yalnız Avropa İttifaqında istehsal olunan məhsullara şamil edilir. Bu məhsullara silahlar, artilleriya və qanadlı raketlərin istehsalı üçün istifadə olunan blok-sxemlər, mikrosxemlər, optik avadanlıqlar və digər xüsusi materiallar daxildir”, – deyə Avropalı diplomat bildirib.

Aİ-nin xüsusi nümayəndəsinin sözlərinə görə, son bir ildə Özbəkistan bu məhsulların alışını artırıb.

Sullivan Özbəkistanın neytrallıq siyasətinə rəğbət bəslədiyini bildirib:

“Rusiya Özbəkistanın birinci və ya ikinci ticarət-iqtisadi tərəfdaşıdır. Qərb geostrategiyasında Özbəkistan regionun, postsovet məkanının ən mühüm ölkələrindən biri kimi görünür. Neytrallıq Özbəkistanın münaqişəyə cəlb olunmasının qarşısını almaq üçün bir vasitədir. Lakin Mərkəzi Asiya regionunun bütün ölkələri kimi Özbəkistan da Ukraynadakı müharibəyə biganə deyil. Çünki bu müharibənin nəticələri birbaşa region ölkələrinin taleyində özünü göstərir. Özbəkistandan tələb olunur ki, Avropa İttifaqında istehsal olunan və Rusiyaya idxalı qadağan olunan məhsulları buraxmasın”.

Xüsusi nümayəndənin sözlərinə görə, sanksiyalar uzun illər davam edə bilər.

“Bu gün Ukrayna təkcə öz ərazi bütövlüyü və müstəqilliyi üçün deyil, həm də postsovet ölkələrinin dəyərləri uğrunda mübarizə aparır. Bu müharibə həm də geosiyasi dünya nizamı üçündür. İqtisadi baxımdan təbii ki, bu, Rusiyaya qarşı müharibə və sanksiyalar vasitəsilə bizə mənfi təsir göstərəcək. Lakin Ukrayna bu müharibədə öz ərazi bütövlüyünü və müstəqilliyini qoruya bilsə, postsovet məkanında yeni dövr başlayacaq”, – o deyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*