Şəkidə sakinlər imza toplamağa başladı – VİDEObackend

Şəkidə sakinlər imza toplamağa başladı - VİDEO

Şəkinin BideyizKöbər Zəyzid kənd sakinləri dövlət başçısına müraciət edərək, kəndə yaxın ərazilərdə yerləşən meşə sahələrinin ağır texnikalar vasitəsilə kürünərək məhv olunmasından, bu əməllərin gələcəkdə törədə biləcəyi ekoloji problemlərdən narahat olduqlarını bildiriblər. Məktubda bildirilir:

“Hörmətli cənab prezident.

Biz- Şəki rayonunun Bideyiz və Köbər Zəyzid kəndlərinin sakinləri Sizə müraciət edərək, diqqətini çox vacib bir məsələyə cəlb etmək istəyirik. Təcili olaraq bu məsələnin həlli yolunda tədbirlər görməyinizi gözləyir və buna ümid edirik.

Beləki, yaşadığımız Bideyiz və Köbər Zəyzid kəndlərinə çox yaxın meşə əraziləri ağır texnikaların köməyi ilə kürünərək məhv edilməkdədir. Hal-hazırda 500 ha meşə örtüyü kürünərək məhv edilmiş, kürümə işlərinin bundan sonra da davam edəcəyi, irəlidə hələ nə qədər meşə örtüyünün kürünəcəyi isə bəlli deyildir. Eyni zamanda Bideyiz kəndinə məxsus böyük örüş əraziləri də əlimizdən alınmışdır.

Bizdə olan məlumata görə bu işləri həyata keçirən AGA GROUP-a daxil olan “Monte- Ferro” MMC-dir. O da məlum olub ki, ETSN-i meşə fonduna daxil olan çox böyük ərazilər adı çəkilən Şirkətə 49 illik müddətə icarəyə verilib. Məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə fonduna daxil olan ərazilərin icarəyə verilməsi Qaydası” haqqında 17 oktyabr 1998-ci il tarixli 214 saylı qərarı vardır. Bu qərara görə icarəyə verilən meşə ərazilərində yalnız bərpa işləri aparıla bilər. Reallıqda isə biz tamamilə başqa bir mənzərənin şahidiyik.

AGA GROUP kürümə işləri apardığı ərazilərə yaxın kəndlərin  sakinləri ilə görüşməmiş, heç bir izahat işi aparmamış, görəcəyi işin məqsədi, faydaları və mümkün fəsadları barədə bilgi verməmişdir.

Cənab prezident.

Məhv edilən meşələrdə nadir ağac növləri, Qırmızı Kitaba düşən quş və meşə heyvanları vardır. Bu meşələr mövcud ola biləcək sel sularına qarşı etibarlı bənd rolunu oynayırdı. Təsadüfi deyildir ki, hələ SSRİ zamanında böyük vəsait hesabına bu meşələrdə bərpa işləri aparılırdı. Bu meşələr həm də kəndimizdə yaşayan insanların saxladığı mal-qara, qoyun sürüləri üçün otlaq rolunu oynayırdı. Əgər bu işlər dayandırılmazsa, yaxın gələcəkdə kənd camaatının çox ciddi sıxıntılarla üz-üzə qalacağı qaçılmaz olacaqdır.

Cənab Prezident.

Qeyd olunan məsələnin öyrənilməsi, meşələrin sonrakı taleyinə aydınlıq gətirilməsi üçün mütəxəssislərdən, eləcə də kənd icma nümayəndələrindən ibarət komissiyanın yaradılmasına ehtiyac vardır.

Sizdən xahiş edirik ki, bu istiqamətdə müvafiq dövlət orqanlarına göstəriş verəsiniz.

İmza: Şəki rayon Bideyiz və Köbər Zəyzid kənd sakinləri”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, meşəçi-mühəndis Rəhim İbrahimov isə saytımıza münasibət bildirərək, yayılan informasiyaları absurd adlandırıb.

“Şəki və Qaxda heç bir ağac kəsilməyib. Ərazi kol-kosdan təmizlənir və bəzi yerlərdə illərlə quruyub qalmış tək-tək ağaclar və kötüklər ərazidən çıxarılır.”

Onun sözlərinə görə, açıq meşə fondu torpaqlarının aqrobağların salınması üçün icarəyə verilməsində məqsəd istifadəsiz və yararsız qalmış torpaqların potensialından səmərəli istifadə etmək və meşə ilə örtülü əraziləri artırmaqdır.

Cəmil MƏMMƏDLİ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*