Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işi başlanıb. Qərara əsasən, məhkəmə onun barəsində verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Maraqlıdır, bu maddələr “xüsusilə ağır cinayətlər” kateqoriyasına daxil olduğu üçün qanunvericiliyə əsasən maksimum və minimum cəza müddəti nə qədərdir?
Hüquqşünas Elşad İsayev KONKRET.az-a açıqlamasında bildirib ki, göstərilən maddələr “xüsusilə ağır cinayətlər” kateqoriyasına daxildir və qanunvericiliyə əsasən, bu əməllərə görə nəzərdə tutulan cəzalar kifayət qədər sərtdir.
“Dövlətə xəyanət 2 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə, dövlət hakimiyyətini zorla ələ keçirmə və ya konstitusiya quruluşunu zorla dəyişdirmə isə 15 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddəsinə görə isə 4000–8000 manat miqdarda cərimə və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur”.
Aynurə İsmayıl
KONKRET.az