SSRİ-dən qalma KAMİKADZELƏR… – Bakı ZƏLZƏLƏYƏ hazırdırmı?backend

SSRİ-dən qalma KAMİKADZELƏR... - Bakı ZƏLZƏLƏYƏ hazırdırmı?

Qara Qarayev metrosu yağınlığında yerləşən binaların birində partlayış baş verib. Səbəb qaz sızmasıdır.

KONKRET.az xəbər verir ki, köhnə binalarda bu tip problemlər yaşanır. Çünki bəzi məsuliyyətsizliklər, müəyyən xətlərin yenilənməməsi faciəyə gətirib çıxara bilir. Əlbəttə ki, bütün günahı səlahiyyətli qurumların üzərinə yıxmaq olmaz, çünki bəzən mənzil sahibinin də ehtiyatsızlığı faciəyə səbəb olur.

SSRİ-dən qalma kamikadzelər

Azərbaycanda, əsasən də Bakıdakı yaşayış binalarının çoxu sovet ittifaqı dövründə inşa olunanlardı. Bolşeviklərdən qalma yaşayış binalarının təxmini istismar müddəti belədir:

– “Stalinka”, 1945-ci ildən əvvəl tikilmiş evlər – istismar müddəti 125 ildir, istismar müddətinin sonu 2050-2070-dir.

– 45-ci ildən sonra tikilən “Stalinka” – 150 illik bir ömür üçün nəzərdə tutulmuşdur, uğursuzluq – 2095-2105

– “Xruşşev”, altmışıncı və səksəninci illərində bütün SSRİ daxilində kütləvi şəkildə qurulmuş – 50 il ömrü, 2005-2015 sökülməsi üçün standart vaxt

– 60-cı illərin kərpic evləri – 100 illik xidmət müddəti, 2055-2070-ci illərin istismar müddəti

– 70-ci illərin panel və blok evləri – 100 illik bir əməliyyat dövrü, 2055-2080-ci illərin sonu

Yəni, bəzi binaların elə təxmini bəraəti var. Lakin yuxarıda qeyd olunduğu kimi, insanlar arasında “Xruşşovka” kimi tanınan binalar 2005-2015 aralığında sökülməli idi. Mənim özüm 1986-cı ildə Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli 27 ünvanında doğulub böyümüşəm. İlk metrostansiyası (1967) idi, ona görə də oradakı “xruşşovka”lar birincilərdəndir. Mərhum babam metropolitençi olduğundan binanın ilk sakinlərindən idi. Yəni, binanın 50 illik limiti ən azından 5 ildir ki, dolub. Lakin Əhməd Rəcəblidən Fətəli Xan Xoyski küçəsinədək onlarla binanın heç biri sökülməyib. Amma Yasamalda, Şərifzadə küçəsinin yola baxan hissəsindəki “xruşşovka”lardan bir neçəsi sökülür. Bəli, hələ ki, yola baxan binalar, hələ ki, şəhərin mərkəzi hissəsindəki köhnələr yenilənir. Anlayıram, şəhərin görkəmi önəmlidir. Lakin insan faktorunu gözdən qaçırtmaq olmaz. Hər bir vətəndaşın həyat təhlükəsizliyi peyzajdan ön planda olmalıdır. Ona görə də Səbail, Nəsimi, Yasamaldan başqa rayonlar, qəsəbə və kəndlərdə də işin üstünə düşmək lazımdır.

Zəlzələyə hazırıqmı?

Bundan başqa, 70-ci illərdə tikilən panel binaların istismar müddəti 100 il göstərilsə də, məntiqlə müəyyən təbii fəlakətlər bu vaxtı qısaltmalıdır. Ortayaşlı və yaşlı insanların yadına gələr, 2000-ci ildə Bakıda 6.8 bal gücündə zəlzələ baş vermişdi. O vaxt bəzi yaşayış evləri, əsasən panel binalarda çatlar əmələ gəlmişdi. Hər halda o vaxt çatlar suvandı və o binalar aşmayıb. Amma kimsə qarantiya verə bilər ki, eyni gücdə zəlzələ təkrarlanacağı təqdirdə həmin çatlar özü ilə həyatlar aparmayacaq? Bir binanı boyamaq onun sütun və bünövrəsini bərkitmək demək deyil.

O ki qaldı yeni tikililərə harda və necə gəldi çoxmərtəbəli bina, villa inşası yolverilməzdi. Kiminsə ağlına gəlib ki, 9-cu mikrorayonun Biləcəriyə baxan hissəsindəki tikililər sürüşmə nəticəsində üzüaşağı, qəsəbə sakinlərinin həyət evlərinin damına tökülə bilər? Yəni, uçuruma arakəsmə kimi çəkilən sütünlu hasarınız Çin səddi deyil. Sadaladığım boşluqlar bildiyim və şahid olduğumun heç yarısı, gerçəkdəki problemin isə 10 faizi də etmir.

Qeyd: Qafqaz dağları tektonik plitələrin kolliziyasının nəticəsi olaraq meydana gəlib. Azərbaycan Alp-Himalay qırışıqlığında yerləşir və seysmik zona sayılır. Yaxşı ki, 35 telemetrik seysmik stansiyalardan ibarət müşahidə şəbəkəsi respublika ərazisində  seysmik rejim, zəlzələ episentrlərinin paylanması, ocaq zonalarındakı seysmik proseslərin dinamikasını tədqiq edir və mümkün güclü zəlzələlərin intensivliyini qiymətləndirir.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*