Suriyada gərginlik yeni mərhələyə qədəm qoyub. İyulun 16-da İsrail Hərbi Hava Qüvvələri ölkənin cənubunda yerləşən Dəraa şəhərinə 10-dan çox hava zərbəsi endirib. Hədəf Suriya hökumət qüvvələri olub. Bu hadisədən sonra ABŞ İsraildən hücumları dayandırmağı tələb edib.
KONKRET.az xəbər verir ki, Türkiyə bu zərbələri sərt şəkildə qınayıb. Ölkənin vitse-prezidenti Cevdet Yılmaz hava hücumlarını Suriyanın suverenliyinə və bölgənin sabitliyinə təhlükə adlandırıb. Türkiyə Suriyanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.
Digər tərəfdən, Suveyda əyalətində mühüm atəşkəs razılaşması əldə olunub. Müqaviləyə əsasən, şəhər dövlətin nəzarətinə keçir, nəzarət-buraxılış məntəqələri qurulur, dövlət institutları bərpa olunur. Dürzi icması bu razılaşmanı dəstəkləyib. Ordu şəhərdən çıxarılır, əvəzinə yerli polis qüvvələri nəzarəti ələ alır. Rəsmi Dəməşq şəhərdə cinayətkar sayılan bütün şəxslərin çıxarıldığını bəyan edib.
Fələstin təşkilatı HƏMAS İsrailin Dəməşqə endirdiyi zərbəni “təşkil olunmuş terrorizm” adlandıraraq qınayıb. Hadisələr fonunda İsraildə yaşayan yüzlərlə dürzi Suriya sərhədini keçib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan həm Suriya, həm də Səudiyyə Ərəbistanı XİN rəhbərləri ilə keçirdiyi telefon danışığında İsrailin fəaliyyətindən narahatlığını ifadə edib və bölgəyə kənar müdaxilələrin dayandırılmasına çağırıb.
Suriya informasiya naziri isə ölkəsinin tam suverenliyə haqqı olduğunu vurğulayıb və xarici müdaxilələri dəstəkləyənləri “xəyanətkarlar” adlandırıb.
Eyni zamanda, İsrailin dəstəyini qazanan dürzi lider Hikmət əl-Xicri atəşkəs razılaşmasını rədd etdiyini və mübarizəni davam etdirməyə çağırdığını açıqlayıb. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə Suriyanın prezidentinin “aradan qaldırılmasına” çağırıb.
Natiq Səlim,
KONKRET.az