Son günlər Azərbaycanın müxtəlif bölgələrində baş verən zəlzələlər paytaxt Bakıda da güclü yeraltı təkanların olub-olmayacağı ilə bağlı suallar doğurub.
Mövzu ilə bağlı meteoroloq Cavid Hüseynov KONKRET.az-a açıqlama verib.
O, bildirib ki, Bakı şəhəri tektonik baxımdan 8-9 ballıq seysmik zonada yerləşir:
“Bu da o deməkdir ki, paytaxtda zəlzələlərin olma ehtimalı daim mövcuddur. Lakin həm dünya praktikasında, həm də ölkəmizin seysmoloqlarının təcrübəsində zəlzələnin nə vaxt baş verəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Hazırda mövcud olan seysmoloji cihazlar yalnız zəlzələ baş verdiyi anda və ya bir neçə saniyə əvvəl onu qeydə alır. Təəssüf ki, bir neçə ay və ya hətta günlər əvvəlcədən dəqiq məlumat vermək hələlik qeyri-mümkündür.”
Cavid Hüseynov qeyd edib ki, belə informasiyaları əvvəlcədən yayan şəxslərə inanmamaq lazımdır:
“Bəzən insanlar bu barədə proqnoz verir, lakin bunlar elmi əsası olmayan, yalan məlumatlardır. Ümumilikdə isə nəzərə almalıyıq ki, Azərbaycan seysmik baxımdan aktiv zonadadır. Hər an kiçik və ya yüksək maqnitudalı zəlzələ baş verə bilər. Bundan başqa, Abşeron zonası palçıq vulkanlarının da aktiv olduğu ərazidir. Onların püskürməsini də əvvəlcədən proqnozlaşdırmaq çox çətindir.”
Mütəxəssis əlavə edib ki, bu mövzuda təşviş doğuran açıqlamalara inanmaq əvəzinə, hər kəs mümkün risklərə hazır olmalıdır:
“Ölkəmizin seysmik zonada yerləşməsi faktı var və biz bu reallıqla yaşamalıyıq. Lakin dəqiq tarix və vaxtla zəlzələnin olacağını söyləmək mümkün deyil.”
Aynurə İsmayıl
KONKRET.az