Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılan istintaq çərçivəsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev növbəti dəfə ifadə verib.
Maraqlıdır, bu prosesin sonu necə yekunlaşacaq?
Mövzu ilə bağlı siyasi şərhçi İlyas Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyevə qarşı açılan cinayət işləri olduqca ciddi məqamları üzə çıxarır:

İlyas Hüseynov
“Dövlətə xəyanətdən tutmuş digər ağır cinayətlərə qədər bir çox məsələlər bu işdə yer almaqdadır. Hesab edirəm ki, istintaqın gedişi bütün suallara cavab tapmağa imkan verəcək. Azərbaycanın hüquq-mühafizə orqanları bu istiqamətdə ardıcıl və peşəkar şəkildə çalışır.”
Ekspertin sözlərinə görə, Ramiz Mehdiyev bu cinayət əməlini təkbaşına törətməyib və istintaq zamanı digər şəxslərin kimliyi də müəyyən olunacaq:
“Hazırda bu şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Ümumilikdə, bu prosesin yekunlaşması ölkəmizdə yeni bir mərhələnin başlanğıcını qoyacaq. Artıq köhnə fikirli, imperiya təfəkkürlü şəxslərin dövrü başa çatır, onların yerini müstəqil, intellektual və dövlətinə sadiq kadrlar tutmalıdır.”
İlyas Hüseynov qeyd edib ki, Ramiz Mehdiyevin rəhbərliyi dövründə bir çox intellektual və peşəkar şəxslər kənarlaşdırılıb, onların inkişafına süni maneələr yaradılıb:
“Mehdiyevin göstərişləri ilə müəyyən maraqlara xidmət edən insanlar önə çəkilirdi. Onun saxlanılmasından sonra sosial şəbəkələrdə səslənən faktlar və yayılan məlumatlar həmin dövrdə baş verən prosesləri daha aydın görməyə imkan verir.”
Siyasi şərhçinin fikrincə, aparılan istintaq yalnız bir şəxsin məsuliyyətə cəlb olunması ilə məhdudlaşmayacaq, sistemli təmizlənmə mərhələsinin əsasını qoya bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
