ABŞ Konqresində Vaşinqton və Ankara arasındakı F-16 qırıcı-bombardmançı sazişini bloklamaq cəhdi uğursuzluqla nəticələnib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu cəhdi Senatın üzvü, Kentukkidən olan respublikaçı Rend Pol göstərib.
Konqresmen Nümayəndələr Palatasının və Senatın birgə qətnaməsini hazırlayıb. Qətnamədə ABŞ administrasiyasına Türkiyəyə yeni F-16 təyyarələri, müvafiq avadanlıq və silahlar verməsinin qadağan edilməsi əks olunub.
Lakin cümə axşamı Konqresin yuxarı palatasında sənədin baxılması üçün keçirilən prosessual səsvermənin nəticələri nəzərə alınıb və bu təşəbbüsün rədd edilməsi qərara alınıb.
Qeyd edək ki, ABŞ yanvarın sonunda Türkiyəyə 23 milyard dollar məbləqində F-16 döyüş təyyarələri, bu təyyarələr üçün modernləşdirmə komplektləri və digər sistemlərin satışına icazə verildiyini açıqlayıb.
Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO üzvlüyünə qəbul edilməsi müqabilində Vaşinqtondan tələb etdiyi şərtlərdən biri idi.
Xatirə SADİQ,
KONKRET.az
