28 May – Müstəqillik Gününü qeyd etdiyimiz bu günlərdə Azərbaycanın şərəfli, bir o qədər də məşəqqətli mübarizə yolu 108 il öncədən – Cümhuriyyətin qurulduğu dövrdən boylanır. Bu yolda ən böyük dəstəyin türk əsgərinin verdiyi faktını tarix yazıb. Erməni-daşnak qruplarının qırğınlarının qarşısının alınmasında, Bakının azad edilməsi və hökumətin paytaxda bərqərar olmasında Qafqaz İslam Ordusunun Komandanı Nuru Paşa (Killigil) və onun rəhbərliyi ilə bölgəyə gələn türk əsgərlərinin rolu danılmazdır, lakin aksioma deyil. Çünki bir əsr öncəyə boylananda Cümhuriyyət qurucularının müstəqilliyimizə təkcə xalqımıza düşmən kəsilənlərə deyil, həm də Osmanlı rəhbərliyinə – imperiyanı idarə edən İttihad və Tərəqqi Partiyasına, elə xilaskarlıq missiyası ilə gələn Nuru Paşaya rəğmən nail olduğu aydın şəkildə görünür.
Tarix romantizmə deyil, faktlara və mənbələrə əsaslanır. Tarixi mənbələrdə təsdiq olunur ki, Nuru Paşanın rəhbərliyi altında Azərbaycana ordu göndərən Osmanlı rəhbərliyinin məqsədi təkcə xalqımıza dəstək vermək yox, eyni zamanda, imperiyanın strateji maraqlarını təmin etmək idi. Osmanlının hərbi naziri, İttihad və Tərəqqi Partiyasının liderlərindən olan və dövlət siyasətinin müəyyənləşməsində mühüm rola malik Ənvər Paşa imperiyanın xilasını Turan ideologiyasına əsaslanan siyasətdə görürdü.
Birinci Dünya müharibəsi başlayanda Osmanlı imperiyası da yeni ərazilər uğrunda aparılan mübarizədən qazanclı çıxmağa çalışırdı. İmperiyaya rəhbərlik edən İttihad və Tərəqqi Partiyasında Camal Paşanın rəhbərlik etdiyi qanad hesab edirdi ki, Osmanlının xilafət ihtişamını qaytarmaq istiqamətində hərəkət etmək lazımdır, Ənvər Paşa isə fərqli düşünürdü. Onun planına görə 1877-1878-ci il müharibəsində məğlub olduqları Rusiya üzərində üstünlük qazanmaq fürsəti yaranıb, buna nail olaraq, Qafqaz və Mərkəzi Asiya ərazilərinə çıxa, Turan ideologiyası ilə müsəlman-türk xalqlarını Osmanlı bayrağı altında toplaya bilərlər. 1914-cü ildə Ənvər Paşa bu planı həyata keçirmək məqsədilə Qafqazda rus ordusuna qarşı hücuma başladı. Lakin çətin hava şəraiti və dağlıq relyefdə lazımi qədər təchiz olunmamış Osmanlı ordusu əlavə qüvvə ilə güclənən Rusiya ordusuna məğlub oldu. Məşhur Sarıqamış hərəkatı Osmanlının ən ağır məğlubiyyətlərindən biri kimi tarixə düşdü. 1917-ci ildə Rusiyada baş verən inqilab isə Osmanlıya bu məğlubiyyətini kompensasiya etmək fürsəti yaratdı. 1918-ci ilin mart ayında Rusiya ilə bağlanan Brest-Litovsk sülh müqaviləsinə əsasən rus ordusu Şərqi Anadolunu tərk etməli – Batum, Qars, Ərdahan Osmanlıya qaytarılmalı idi. Hərçənd, müqavilənin şərtlərinin praktiki müstəvidə icra edilməsinə çətinliklə yaranmışdı. Bir tərəfdən Zaqafqaziya seymində erməni və gürcülər Osmanlını qəbul etmək istəmirdi. Erməni və gürcü nümayəndə heyətləri Trabzon və Batum konfranslarında Brest-Litovsk müqaviləsini tanımadıqlarını bəyan etdilər. Digər tərəfdən, “böyük ermənistan” xülyasını reallaşdırmaq istəyən ermənilər rus ordusunun dəstəyi ilə Azərbaycanda qırğınlar törədirdi. Türk qardaşlarının dəstəyinə ümid edən Azərbaycan isə Osmanlı dövlətinin mövqeyindən çıxış edirdi. Bu vəziyyət, eləcə də Rusiyada baş verən bolşevik inqilabının yaratdığı şərait Ənvər Paşanın Qafqaz yürüşünə başlamasını şərtləndirdi.
Azərbaycanın müstəqilliyini təmin etmək və nəzarətə götürmək Osmanlı rəhbərliyi üçün Mərkəzi Asiyaya çıxışla Turan xəttini inşa etmək, geosiyasi təsirlərini genişləndirməklə imperiyanı dağılmaqdan xilas etmək baxımından strateji əhəmiyyət kəsb edirdi. Dağılma təhlükəsi ilə üzləşən Osmanlı imperiyası bu strategiyada özünün yeni təhlükəsizlik arxitekturasını da formalaşdırmağı hədəfləyirdi. Tarixçilər Osmanlının Qafqaz hərəkatının bir neçə konkret hədəflərini də qeyd edirlər:
– Brest-Litovsk müqaviləsinin şərtlərinə əsasən Şərqi Anadolu üzərində nəzarət bərpa olunmalı, gələcəkdə yarana biləcək təhlükələr sığortalanmalı idi;
– İngilislərin Bakıda mövcudluğuna son qoymaqla imperiyanın Qafqazdakı maraqlarını təmin edilməli və sərhəd təhlükəsizliyinə yarana biləcək risklər aradan qaldırılmalı idi;
– Qafqaza müstəqillik hərəkatlarını dəstəkləmək və bölgəyə nəzarət etmək Rusiya və Osmanlı arasında “bufer zona”nın yaradılmasına da hesablanmışdı;
Bununla yanaşı, Qafqaz Osmanlının iki strateji hədəfi üçün də əhəmiyyətli idi.
Birincisi, Qafqazdakı müsəlman əhalisini bir bayraq altında birləşdirmək və Rusiya ilə mübarizədə istifadə etmək idi: yaradılmış hərbi birliyin “Qafqaz İslam Ordusu” adlandırması da bundan qaynaqlanırdı;
İkincisi, Bakı neftini Almaniya və Britaniyadan öncə nəzarətə götürmək idi: Birinci Dünya müharibəsi neft amilinin önəmini xüsusilə aktuallaşdırmışdı və Osmanlı dövləti həm iqtisadiyyatını dirçəltmək, həm də hərbi sənayesini gücləndirmək üçün Azərbaycan neftinə nəzarətlə strateji üstünlük qazanmaq istəyirdi;
Ənvər Paşa yarbay (polkovnik-leytenant) olan qardaşı Nuru Paşaya diviziya generalı rütbəsi verərək, Qafqaz hərəkatının rəhbərliyinə gətirdi. Ordusu ilə Gəncəyə gələn Nuru Paşa İstanbuldan verilən təlimatlara əsasən Osmanlının bölgədəki strateji planlarının icrası istiqamətində işləyirdi. Ənvər Paşanın Nuru Paşaya göndərdiyi təlimatlar da bunu təsdiqləyir. Ənvər Paşanın təlimatında qeyd olunurdu ki, ordunun məqsədi təkcə əhalini qorumaq yox, həm də Qafqazda İslamın mənafeyini və Osmanlının siyasi-hərbi maraqlarını təmin etməkdir. Bununla yanaşı, Bakı neftin nəzarət də əsas təlimatlardan biri idi. Bu məsələdə Osmanlı müttəfiqi olan Almaniya ilə da qarşıdurma yaşayırdı. Tarixi mənbələrə görə, Almaniya Osmanlının Qafqaz ekspedisiyasına qəbul etmir, Bakı neftinə çıxışını əngəlləməyə çalışırdı, hətta bu məqsədlə bolşeviklərlə gizli sövdələşmələrin olduğu haqda məlumatlar var. Ənvər Paşa isə almanların etirazına baxmayaraq, Nuru Paşaya Bakı neftinə nəzarət əmrini vermişdi. Ənvər Paşanın əmisi, Qafqaz hərəkatında iştirak edən Xəlil Paşanın xatirələri də Bakı neftinin ələ keçirilməsi uğrunda aparılan mübarizəni, Osmanlı və Almaniya arasındakı rəqabəti təsdiq edir.
Tarix təsdiq edir ki, Azərbaycana xilaskarlıq missiyası ilə gələn Osmanlı ordusu həm də imperativ maraqlarını həyata keçirirdi. Nuru Paşanın xilaskar kimi qəbul edildiyi Gəncədə baş verənlər isə müstəqilliyin hətta Osmanlı rəhbərliyinə rəğmən qazanıldığını təsdiq edir.
Qafqaza strateji maraq dairəsi kimi baxan Osmanlı dövlətində Azərbaycanın müstəqilliyinə yanaşma birmənalı deyildi. İttihad və Tərəqqi partiyasının xüsusilə radikal qanadı Azərbaycanın müstəqilliyinə qarşı çıxır, Osmanlının tərkibinə qatılmasını, faktiki olaraq, ilhaq edilməsini istəyirdi. Nuru Paşanın özü də daxil olmaqla müşaviri Əhməd bəy Ağaoğlu və Gəncədəki yerli mühafizəkar qüvvələr ilhaqdan yana idilər. Onlar hesab edirdilər ki, Azərbaycan müstəqil olmaq üçün zəifdir və Osmanlı imperiyasına birləşdirilərək, İstanbuldan göndərilən nümayəndə tərəfindən idarə olunmalıdır.
Gəncəyə Nuru Paşadan sonra gələn AXC hökumətinin müstəqillik istəklərinin onun tərəfindən ciddi təzyiqlə üzləşdiyi faktları da tarix səhifələrində yer alır. Halbuki, Nuru Paşa Gəncəyə gələndə “Mən əsgərəm, daxili işlərə qarışmıram” deyə bildirmişdi, lakin zamanla o, ilhaqçıların təsiri ilə Cumhuriyyətə qarşı mövqe sərgiləməyə başladı. Nuru Paşa Gəncədə təkcə hərbi məsələlərə yox, mülki işlərə də nəzarət edirdi. Qərb ölkələrinin tarixi mənbələrində Azərbaycan “Osmanlı vilayəti”, Nuru Paşa isə faktiki rəhbər kimi təqdim olunurdu. AXC liderləri – Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə və digərləri isə bunu qətiyyətlə qəbul etmir, müstəqillik uğrunda mübarizədən geri addım atmırdılar. Nəsib bəy Yusifbəylinin tarixə keçən “türklər bizi özlərinə ilhaq etmək istəyirlərsə, gəlməsinlər” sözləri həmin dövrün reallığını anlamaq baxımından əhəmiyyətlidir.
1918-ci ilin iyununda baş verən Gəncə böhranı AXC ilə Nuru Paşa arasındakı ixtilafın pik həddi oldu. Nuru Paşanın tələbi ilə Milli Şura fəaliyyətini dayandırmağa məcbur oldu. Fətəli xan Xoyskinin rəhbərliyi ilə qurulan yeni hökumət isə Nuru Paşanın hərbi diktaturasını qəbul etmək məcburiyyətində qaldı. Baş nazir Fətəli xan Xoysi, xarici işlər naziri Məmmədhəsən Hacıniski və Məmməd Əmin Rəsulzadənin böhanı həll etmək üçün Nuru Paşa ilə görüş istəkləri də cavabsız qaldı.
Azərbaycanın müstəqilliyi yalnız kağız üzərində mövcud idi, reallıqda isə əsas idarəçilik Nuru Paşanın əlində idi. Müstəqilliyimizin heç olmasa kağız üzərində qalması isə Ənvər Paşanın istəyinə görə qəbul edilmişdi. Ənvər paşa hesab edirdi ki, Antanta dövlətləri tərəfindən “işğalçı” kimi görünməmək üçün Azərbaycanın müstəqilliyi kağız üzərində saxlanılmalıdır. Lakin ölkəyə hərbi yolla nəzarət edilməlidir. Ənvər Paşa rəsmi sənədlərdə Azərbaycanın müstəqilliyini tanıdıqlarını qeyd etsə də, Nuru Paşaya gödərdiyi təlimatlarda Osmanlıya inteqrasiya edilməsi, praktiki müstəvidə ilhaq olunması göstərişlərini verirdi. Gəncə böhranı – Milli Şuranın buraxılması və yeni hökumətin Nuru Paşanın hərbi diktaturasını qəbul etməsi də Ənvər Paşanın təlimatlarının nəticəsi idi. AXC bu vəziyyətlə barışmağa məcbur olsa da, rəsmi sənədlərə “müstəqilliyin toxunulmazlığı” məsələsini daxil etməklə Cumhuriyyəti tədricən qəbul etdirməyə nail oldu. Azərbaycanın müstəqilliyi və ölkəyə real nəzarət yalnız Osmanlı ordusunun gedişindən sonra mümkün oldu.
Bu faktlar xilaskarlıq romantizminə baxışları dəyişdirir. Təbii ki, bütün bunlar Nuru Paşa və ordusunun Bakının azad edilməsindəki rolunu azalda bilməz, lakin Osmanlı dövlətinin Azərbaycana xilaskarlıq missiyası ilə yanaşı, imperiya maraqlarını təmin etmək üçün gəldiyi reallığı da tarix səhifələrindən itmir. Müstəqil və qüdrətli Azərbaycanın bu günündən 108 il öncəyə boylanır, Nuru Paşa və ordusunu minnətlə anır və Cumhuriyyət uğrunda məşəqqətli mübarizə yolunu unutmuruq.
