ABŞ prokurorları Prezident Co Baydenin oğlu Hanter Baydeni vergidən yayınma və odlu silah cinayətlərində ittiham edib-etməmək barədə qərar verəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirilən brifinqdə bu məlumatı şərh etməkdən imtina edib.

Qeyd olunub ki, Hanter Baydenin vəkilləri keçən həftə ABŞ Ədliyyə Nazirliyində Delaver ştatının prokuroru Devid Vays ilə görüşüblər.
Nəşr mənbələrə istinadən yazır ki, Vays qərar verməyə yaxındır, lakin dəqiq tarixlər məlum deyil.
Bildirilib ki, 2018-ci ildə başlayan istintaq yekun qərar qəbul edilməzdən əvvəl yenidən yavaşlaya bilər. Həm müsbət, həm də mənfi nəticələr seçki kampaniyasına başlayan Co Baydenin reytinqlərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Qəzetin yazdığına görə, Federal Təhqiqatlar Bürosu (FTB) keçən il Hanter Baydeni vergi cinayətlərində və odlu silahlarla qeyri-qanuni rəftarda ittiham etmək üçün kifayət qədər sübut toplayıb.
İqbal Rzayev,
KONKRET.az
