Afinanın BAŞI DƏRDDƏ: “Yunanıstana qarşı atılan addımlar kifayət qədər ciddi olacaq” – ÖZƏLbackend

Afinanın BAŞI DƏRDDƏ: “Yunanıstana qarşı atılan addımlar kifayət qədər ciddi olacaq” - ÖZƏL

“Xəritələri yenidən çəkmək niyyətində olan ölkələrə aydın mesaj göndərmək istəyirəm, revizionist siyasətiniz uğursuz olacaq”. Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın Azərbaycan və Türkiyəyə yönəlik bu bəyanatı əsəbləri əməlli-başlı tarıma çəkib. Çünki yunan nazir bu açıqlaması ilə faktiki olaraq Bakı və Ankaranı hədələyib. Bəs yunan siyasətçinin belə qərəzli açıqlamasına qarşı Azərbaycan və Türkiyə hansısa addımlar atmalıdır? Yunanların bu cür mövqeyi nədən qaynaqlanır?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, Dendiasın açıqlaması xəritələrin və sərhədlərin dəyişməsinə dair Yunanıstanın narahatlığının ifadəsidir: “Əslində bu, çox diplomatik bir açıqlamadır. Xüsusən də burada həm Azərbaycan, həm də Türkiyə üçün pay var. Amma bu açıqlamanın əsas hədəfi Türkiyədir. Son günlər 12 ada məsələsində proseslərin aktivləşməsi və Türkiyənin Yunanıstanı açıq şəkildə təhdid etməsi Afinada müəyyən narahatlıqlar yaradıb. Aydın məsələdir ki, həm Türkiyə, həm də Yunanıstan NATO ölkəsidir. Afina buna arxayın olaraq düşünür ki, atacağı addımlara NATO konteksindən baxılacaq və rəsmi Ankaranın cavabı olmayacaq. Amma Türkiyənin bu məsələlərdəki yanaşması dəyişilməz və birmənalıdır. Odur ki, Yunanıstana qarşı atılan addımlar kifayət qədər ciddi olacaq”.

Vaşinqtonun Cənubi Qafqaza diqqəti artıb”- Turan Rzayev

Turan Rzayevin sözlərinə görə, ən azından 1990-cı ildə olduğu kimi 12 ada üzərində Kardak böhranı yarana bilər: “Burada söhbət adaların Türkiyəyə keçməsindən yox, silahsızlaşdırılmasından gedir. Çünki həmin adalar Türkiyəyə çox yaxındır və su sərhədlərinin pozulmasına yönəlik mübahisəli ərazilər var. Bu mübahisəli ərazilər məsələsi həll olunmadan Yunanıstanın adaları silahlandırmasından Türkiyə çox narazıdır və bunu açıq şəkildə göstərir. Hesab edirəm ki, Dendiasın bu açıqlamasının əsas hədəfi Türkiyə olsa da, burada Azərbaycana qarşı da bir mesaj var. Əlbəttə ki, Azərbaycanın Türkiyə ilə strateji müttəfiq olması və əlaqələrinin genişliyi Türkiyəyə verilən mesajlarda Azərbaycana da pay çatdırır. Bir müddət öncə Hindistan tərəfindən də bizə qarşı açıqlama verilmişdi. Əslində Hindistanın Azərbaycana qarşı qərəzi yoxdur. Amma Pakistanla dostluq əlaqələrimiz və Kəşmir məsələsindəki mövqeyimiz Hindistanı belə açıqlamalar verməyə məcbur edir. Bu, bir siyasətdir və belə məsələlər tez-tez baş verir”.

Politoloq əlavə edib ki, indiki məqamda Yunanıstana cavab Azərbaycanın uzun illərdir Türkiyə tərəfindən təklif olunan Şimali Kiprin müstəqilliyini tanıması ola bilər: “Amma Azərbaycan buna getməyib. Çünki müharibə bitsə də, Ermənistan və Azərbaycan arasında problemlər hələ qalmaqdadır. Bu reallıqlar fonunda Şimali Kiprin müstəqilliyinin tanınmasının mümkün olacağına inanmıram. Rəsmi Bakının da buna gedəcəyini düşünmürəm. Odur ki, Azərbaycan və Türkiyə diplomatik müstəvidə ortaq çıxışlar etməlidir. Yunanıstanın qərəzli davranışına qarşı layiqli cavablar verilməlidir. Bütün hallarda ortada beynəlxalq hüququn pozulması kimi bir iddia var. Azərbaycan və Türkiyə heç bir ölkənin ərazi bütövlüyünü pozmayıb. Buna baxmayaraq, Yunanıstan tərəfi faktiki olaraq həm 44 günlük Vətən müharibəsində, həm də sonrakı proseslərdə Ermənistana dəstək verərək işğalçının yanında olduğunu göstərib. Eyni zamanda 12 adanın silahlandırılması faktiki olaraq imzalanan müqavilələrə ziddir və beynəlxalq hüququn normalarının pozulması deməkdir. Ona görə də, baş verəcək hadisələrin məsuliyyəti Yunanıstanın üzərinə düşür. Azərbaycan və Türkiyə ən azından Yunanıstana NOTA verməli və səsləndirilən ciddi iddianın isbatını tələb etməlidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*