Həbsxanada dünyasını dəyişmiş rusiyalı müxalifətçi Aleksey Navalnının dəfn mərasimi Moskvada ciddi polis nəzarəti altında keçiriləcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, müxalifətçinin məsləkdaşlarına dəfn zalını icarəyə götürmək üçün icazə verilməyib və cənazə maşını verilməsindən imtina edilib.
Aleksey Navalnının dəfn mərasiminin Moskvada necə keçiriləcəyi hələ də bəlli deyil. İbadət mərasiminin keçiriləcəyi kilsə, eləcə də qəbiristanlıq polis tərəfindən qorunur, məhəllələrin əksəriyyəti daşınan metal hasarla mühasirəyə alınıb. Kilsənin qapılarında foto və video çəkilişinin qadağan edildiyi haqqında elanlar asılıb və məbəddə videokamera quraşdırılıb.
Alekseyin dəfn mərasimi Moskva vaxtilə saat 14:00-da olacaq. Bu barədə Navalnının mətbuat katibi Kira Yarmış məlumat verib. Onun sözlərinə görə, insanlar dəfn mərasimində iştirak etmək istədiklərini deyirlər, lakin bunu etməkdən qorxurlar.
Qeyd edək ki, mərasimin keçiriləcəyi kilsə Navalnının yaşadığı Maryino rayonunda (Moskvanın cənub-şərqində) yerləşir.
Xatirə SADİQ,
KONKRET.az
