“Azərbaycan daha bir uğura imza atacaq – Ermənistan buna mane ola bilməyəcək” – Malışevbackend

"Azərbaycan daha bir uğura imza atacaq - Ermənistan buna mane ola bilməyəcək" - Malışev

Yola saldığımız il Cənubi Qafqaz regionunda bir sıra geopolitik hadisələrlə yadda qaldı. Qərbin Ermənistan üzərindən bölgəyə daxilolma cəhdi isə Rusiyanın maraqlarına birbaşa zərbə idi. Üstəlik, Cənubi Qafqazdakı strateji müttəfiqinin Rusiyanın başı üzərindən gizli işi rəsmi Moskvanı əməlli-başlı qıcıqlandırdı. Bununla belə, Ermənistan baş naziri mütəmadi olaraq beynəlxalq platformalarda Rusiya əleyhinə bəyanatlarla körpüləri yandırmağa cəhd etdi. Roma nizamnaməsinin qəbulu və Rusiyanın patronajlığı altında təşkil edilən beynəlxalq tədbirləri boykot edən Ermənistan Moskvaya meydan oxumağa başladı. Təbii ki, bu məsələdə Qərbin diqtəsi açıq-aşkar hiss olunurdu. Fransanın Ermənistanı silahlandırması, Qərbin Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq siyasəti, Aİ-nin öz müşahidə missiyasının sayını düşmən ölkə ərazisində artırması da Rusiyanın səbrini daşdıran siyasi kursdur.

KONKRET.az xəbər verir ki, Moskva Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Dmitri Malışevin yola saldığımız illə bağlı maraqlı təəssüratları var. Onunla geniş müsahibəni təqdim edirik.

– Dmitri Valeriyeviç, yola saldığımız ili Rusiya üçün necə dəyərləndirirsiniz?
– 2023-cü il Rusiya üçün mühüm və dramatik hadisələrlə zəngin idi. Əgər 2022-ci il bir sıra qlobal dəyişikliklərlə bağlı idisə, 2023-cü il bütövlükdə oxşar tendensiyaları davam etdirdi. Bu, 2023-cü ilin payızında Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi, eləcə də dünyanın əksər hissəsini bürümüş sosial gərginliyin artması ilə özünü göstərdi. Nəzərəçarpacaq dərəcədə fərqlənən yeni dünya mərkəzlərinin formalaşması baş verdi və bu amil ənənəvi monopoliya yaratdı. Rusiya bu çətin şəraitdə – Qərbin təcavüzkar siyasətinə və daimi sanksiyalarına baxmayaraq, öz suverenliyinin səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilib.

Rusiya dost ölkələrlə, ilk növbədə, MDB, Aİİ, KTMT, BRİKS, ŞƏT kimi beynəlxalq strukturlara daxil olan dövlətlərlə əlaqələri fəal şəkildə inkişaf etdirir. 2023-cü ilin sonunda Sankt-Peterburqda Aİİ-nin sammiti keçirildi və orada bu təşkilatın gələcək müsbət inkişafı üçün bir sıra qərarlar qəbul edildi.

2024-cü il yanvarın 1-dən MDB-yə Rusiya sədrlik edəcək. Moskva Qəzza zolağında axan qanı dayandırmaq üçün bir sıra addımlar atıb və Rusiya vətəndaşlarını münaqişə zonasından çıxarır. Rusiya əvvəllər də təklif etdiyi “Şərqə dönün” konsepsiyasını fəal şəkildə həyata keçirir. Əksər politoloqlar BRİKS-in genişlənməsini Rusiya xarici siyasətinin əsas uğurlarından biri adlandırırlar ki, bu da Qərb dövlətlərinin ölkəmizi diplomatik təcrid etmək planlarını açıq şəkildə pozdu. Beləliklə, 2023-cü ildə Rusiyanın xarici və daxili siyasətində ciddi geriləmə baş vermədi.

– Rusiya – Azərbaycan və Rusiya – Ermənistan münasibətləri baxımından bu ili necə dəyərləndirmək olar?
– 2023-cü ildə Rusiya – Azərbaycan münasibətləri, məncə, müsbət istiqamətdə inkişaf etdi. Bu, ilk növbədə, ölkələrimiz arasında qarşılıqlı ticari-iqtisadi əməkdaşlığa aiddir. Azərbaycan KTMT-nin üzvü deyil, eyni zamanda, Rusiya Federasiyası ilə strateji əhəmiyyətli sərhədə malikdir. Ölkələrimiz arasında sadələşdirilmiş gömrük dəhlizi deyilən sistem formalaşıb, bir ölkədə yoxlamanın nəticələri digər ölkədə tanınır. Bu və bir çox digər sazişlər Azərbaycana Rusiya bazarına daha asan çıxış baxımından Aİİ ölkələri ilə yaxınlaşmağa imkan verir.
Rusiya Qarabağ məsələsində neytrallığını qoruyub və 2023-cü il dekabrın 24-də Rusiya və Azərbaycan prezidentləri arasında baş tutan telefon danışığında Rusiya lideri ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

2023-cü ildə Rusiya – Ermənistan münasibətlərində gərginləşmə müşahidə olundu. Bu da erməni siyasi elitasının Qərbə meyli ilə bağlı idi. Buna baxmayaraq, Ermənistan Rusiyanın Cənubi Qafqazda əsas tərəfdaşı olaraq qalmaqda davam edir. Bunu Rusiya Federasiyasının ali rəhbərliyinin və Rusiya Xarici İşlər Nazirliyinin bəyanatları da sübut edir.

– Sizcə, Ermənistan KTMT-dən çıxacaqmı?
– Ermənistanın KTMT-dən çıxacağına şübhəm var. Ermənistan rəhbərliyi bu qurumdan çıxmaqla bağlı konkret heç bir açıqlama verməyib. Bundan əlavə, KTMT Ermənistanın nisbətən təhlükəsiz mövcudluğunun nisbi qarantı olmaqda davam edir.

– O zaman Ermənistan Aİ missiyasının öz ərazisində genişləndirilməsinə niyə maraq göstərir?
– Bu missiyanın regiona göndərilməsinin təşəbbüskarı Ermənistandır və ilkin olaraq Rusiya ilə Azərbaycan bu addımın əleyhinə idi. Rusiyanın bu məsələ ilə bağlı mövqeyini Xarici işlər nazirinin müavini Mixail Qaluzin səsləndirib. O, xüsusilə qeyd edib ki, bu missiyanın Ermənistanda görünməsinin özü Ermənistan – Azərbaycan münasibətlərinin nizamlanmasının təşviqi baxımından tamamilə faydasız addımdır. Bu missiyanın genişləndirilməsi regionda yalnız sabitliyi pozmağa hesablanıb. Onun əsas məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb-çıxarmaqdır.

– Ermənistan Cənubi Qafqazda Fransa və ABŞ-ın maraqlarının dirijoru rolunu oynayır. Sizcə, bu nə ilə nəticələnə bilər?
– Ən böyük erməni diasporu Rusiyada mövcuddur. ABŞ ikinci, Fransa üçüncü yerdədir. Və bütün ölkələrdə bu diasporların nümayəndələri kifayət qədər nüfuz sahibidirlər. Təbii ki, Fransa və ABŞ Cənubi Qafqaza, o cümlədən, Ermənistanın dəstəyi ilə sığışmağa çalışacaq. Burada məqsəd eynidir. Rusiyanı sıxışdırmaq və ya ən pis halda onun burada təsirini minimuma endirməyə çalışırlar. Məsələn, Fransa Ermənistana silah tədarük etməyə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Aİ prezidenti Şarl Mişellə telefon danışığında buna öz etirazını bildirib. Fransa və ABŞ 1990-cı illərin əvvəllərindən burada möhkəmlənməyə çalışırlar. Onların bu məsələdə müəyyən uğurları var, lakin qonşu Rusiya, Türkiyə və İranın buna qarşı çıxdığını nəzərə alsaq, onların bu regiona tam təsirindən danışmaq hələ tezdir.

– Fransadan başqa Hindistan da Ermənistanı intensiv şəkildə silahlandırır. Onların məqsədi nədir?
– Burada çox qəribə vəziyyət yaranıb. NATO-nun aparıcı dövləti KTMT üzvü olan ölkəni silahlandırır. Emmanuel Makron bununla çox güman ki, Fransadakı erməni diasporunun dəstəyini almaq istəyir və yenidən Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışır.
Hindistan isə silahlarını satmağa əlverişli müştəri tapıb. Ona görə də fürsətdən istifadə edib, bu şansdan yararlanmağa çalışırlar. Ermənistan faktiki olaraq Hindistanın “Akaş” hava hücumundan müdafiə sistemlərini alan ilk ölkə olacaq və bütün bunlar öz növbəsində Ermənistan – Azərbaycan qarşıdurmasının daha da kəskinləşməsinə və sülh müqaviləsinin imzalanması baxımından fəsadlara səbəb olacaq.

– Yəni regionda hər hansı risk varmı?
– Yaxın gələcəkdə Cənubi Qafqazda baş verəcək əsas proseslərdən biri Azərbaycanın artıq elan etdiyi kimi, “Dağlıq Qarabağ Respublikası”nın 2024-cü il yanvarın 1-dən mövcudluğunun dayandırılmasıdır. Azərbaycan indi Qarabağı tamamilə nəzarətə götürüb.

Hesab edirəm ki, Ermənistan – Azərbaycan münaqişəsinin buzu Zəngəzur dəhlizi açıldıqdan sonra tam əriyəcək. Xarici aktorların Cənubi Qafqazda sabitliyin pozulmasına mənfi təsir göstərməsi də mümkündür. Azərbaycan çox güman ki, böyük logistika dəhlizi rolunu qoruyub-saxlayacaq. İndi Azərbaycandan iki nəqliyyat dəhlizi keçir. Bunlar neft-qaz kəmərləri, dəmiryolu və Şimal-Cənub Beynəlxalq Nəqliyyatını özündə birləşdirən Azərbaycan – Gürcüstan – Türkiyə dəhlizidir. Ermənistan bütövlükdə onun üçün KTMT və Aİİ kimi mühüm strukturlara sadiqliyini qoruyacaq və onlarla fəal əlaqələri inkişaf etdirməyə davam edəcək. Ümumiyyətlə, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına ümid çoxdur. Təəssüf ki, bu da regionda baş verən çoxsaylı çağırış və təhdidlərin davam etməsi ilə fəal şəkildə əngəllənir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*