ABŞ Almatıda qurulan masadan niyə narahatdır? – XİN rəhbərlərinin 10 may görüşündən gözləntilərbackend

ABŞ Almatıda qurulan masadan niyə narahatdır? – XİN rəhbərlərinin 10 may görüşündən gözləntilər

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatıda keçirilməsi planlaşdırılan görüşünün vaxtı bəlli olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat yayıb.

Məlumatda bildirilib ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq, 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq.

Ermənistan tərəfi də öz növbəsində bu məlumatı təsdiqləyib. Ermənistanın Xarici İşlər Nazirliyinin yayıdığı məlumatda bildirilib ki, Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşündə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması müzakirə olunacaq. Qeyd olunub ki, gündəliyə tərəflərin öhdəliklərinin təsdiqi, eləcə də regional nəqliyyat infrastrukturu və ticarət marşrutlarının bərpası ilə bağlı məsələlər də daxil edilib.

Almatı masasına gedən yol…

Məlum görüş barədə fikirlərini KONKRET.az-la bölüşən politoloq Turab Rzayev bildirib ki, Almatıda baş tutması dəqiqləşən görüşün tərəflər üçün əhəmiyyəti böyükdür. Onun sözlərinə görə, bu görüş münasibətlərin normallaşması prosesində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir:

“Bu mənada, XİN başçıları səviyyəsində bu ikitərəfli təmasın uğurlu nəticələr verəcəyinə böyük ümidlər var. İndiyə qədər bir sıra platformalar üzrə danışıqlar prosesi aparılsa da, Almatı görüşünün bu qədər yüksək qiymətləndirilməsinin səbəbləri fərqlidir. İlk dəfədir ki, təmas vasitəçisiz olaraq baş tutacaq. Yəni, masa Almatıda qurulsa da, masa arxasında iki nazir müzakirə apara biləcək. Bu isə olduqca mühüm detaldır. Çünki son aylarda baş verənlər bir daha təsdiqlədi ki, ikitərəli təmaslar daha qəti nəticələr üçün zəmin yarada bilir. Hətta ötən ilin sonlarından başlayaraq, Azərbaycan ilə Ermənistanın müvafiq delimitasiya və demarkasiya komissiyalarının daha aktiv fazaya qədəm qoymuş görüşləri belə sülh prosesinin nəticəyə yaxınlaşması üçün daha münbit şərait formalaşdırıb. Belə ki, bunun nəticəsi olaraq ötən ilin dekabrında hər iki ölkənin müvafiq dövlət strukturlarının birgə açıqlamasının yayılması, qarşılıqlı olaraq hərbçilərin azad edilməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi, Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bir daha bəyan etməsi, COP29-a ev sahibliyini dəstəkləməsi, bu ilin aprelində isə 4 kəndin qaytarılması ilə bağlı əldə olunan razılaşma onu göstərir ki, məsələnin vasitəçisiz həlli daha məqbul nəticələrə yol açır. Bu mənada, Qazaxıstanda baş tutacaq ikitərəfli görüş nəticəyə yönəlik ciddi xarakter daşımaqdadır”.

Ölkəmizin şərtləri təsdiqlənir!

Politoloqun qənaətincə, görüşdə ortaya qoyulan həll variantlarının daha da inkişaf etdirilməsi müzakirə oluna bilər:

“Ermənistanın XİN başçısı Ararat Mirzoyan görüşlə bağlı danışarkən Almatıdakı danışıqlarda İrəvan və Bakının öhdəliklərinin yazılı şəkildə qeydə alınacağına ümid etdiyini bildirib. Mirzoyan onu da qeyd edib ki, Ermənistan Almatıdakı danışıqlarda Azərbaycanla iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini müzakirə etməyi gözləyir. Vurğulamaq lazımdır ki, Azərbaycanın irəli sürdüyü məsələlər bu və ya digər şəkildə bu gün Ermənistanın siyasi rəhbərliyi tərəfindən təsdiqlənir. Ölkəmizin təqdim etdiyi şərtlərdən biri dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması idi. Artıq hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıb – bu, amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqmətində ən mühüm addım sayıla bilər.

ABŞ öz ampluasındadır…

T.Rzayevin sözlərinə görə, maraqlıdır ki, hər kəsin böyük ümidlə baxdığı, sülh üçün yeni mərhədlənin başlanğıcı kimi qiymətləndirilən Almatı görüşü bəzi dövlətlər tərəfindən indidən manipulyasiya edilir:

“Məsələn, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda gözlənilən görüşünü şərh etməkdən yayınıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib ki, onun bu məsələ ilə bağlı hər hansı şərhi və ya gözləntiləri yoxdur. ABŞ-nin bölgədə sülhün və ədalətin bərpası istiqamətində əsas məqamlardan biri kimi qiymətləndirilən görüşlə bağlı mövqeyi başadüşülən deyil. Dünənə qədər bəyanatlarında “ikitərəfli təmasın vacibliyi”, “sülhün əldə olunması üçün aktiv müzakirələri” və “beynəlxalq hüquq çərçivəsində danışıqların nəticəyə hədəflənməsini təmin etmək” kimi fikirləri qeyd edən Dövlət Departamentinin Almatı görüşü haqda fikir bildirməməsi, hətta “gözləntisinin olmadığını” vurğulaması düşündürücüdür. Bu, o deməkdir ki, ABŞ yenə də öz ampluasındadır. Vaşinqtonun bu və ya digər şəkildə belə görüşlərdən və təmaslardan, razılaşmalardan nə gözlədiyi isə heç kim üçün maraqlı və əsaslı deyil. Maraqlı və əsaslı olan tərəflərin bir-birləri ilə müzakirə aparması, nəticəyə gəlməsidir. Çünki bu nəticə ABŞ üçün deyil, bölgə üçün inkişafın əsasını qoyacaq”.

Yeganə

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*