Azərbaycan rəhbərinin cavabları səmimi, dəqiq, sərrast, ismarıclarının hədəfləri bəlli idibackend

Azərbaycan rəhbərinin cavabları səmimi, dəqiq, sərrast, ismarıclarının hədəfləri bəlli idi

Ötən gün ADA Universitetində 30 ölkəni təmsil edən 100-dək nüfuzlu ekspertin iştirakı ilə keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum yenidən diqqəti paytaxt Bakıya yönəltdi.

Sözsüz ki, COP29 və Azərbaycanın yaşıl enerji siyasəti barədə qısa çıxışından sonra Prezident İlham Əliyevin nüfuzlu ekspertlərin müxtəlif aktual məsələlərlə bağlı suallarını cavablandırması forumun ən maralı anlarından biri oldu.

Hər zaman olduğu kimi, Azərbaycan rəhbərinin cavabları səmimi, dəqiq, sərrast, ismarıclarının hədəfləri bəlli idi.

Yeri gəlmişkən, özlərini azad söz çarçısı kimi qələmə verənlərin “3 saatdan çox mətbuat konfransı keçirmək olar? Demokratik ölkələrdə mətbuat konfransı 20 dəqiqə olur” kimi absurd fikirləri İlham Əliyevin səmimi cavablarından, onun güclü lider kimi görunməyindən qaynaqlanan narahatlıqla bağlıdır. Azərbaycanın dövlət başçısının fikirlərini diletant səviyyədə təftiş etməyə çalışan, amma heç nəyə nail ola bilməyən xislət sahibləri anlamırlar ki, demokratik Ukraynanın dövlət başçısı Volodimir Zelenski 12 saat ardıcıl olaraq mətbuat konfransı keçirməklə rekorda imza atıb. Əlbəttə, əgər ABŞ prezidenti Co Bayden medianın suallarına cavab verməkdən imtina edib, aradan çıxırsa, əlbəttə həmin mətbuat konfransı nəinki 20 dəqiqə, hətta bir neçə dəqiqə çəkə bilər. Amma bu, bizi qətiyyən maraqlandırmır. Qoy, bunu ona səs verən amerikalı seçicilər düşünsünlər.

Bakıdakı forumun iştirakçılarını isə əsasən, quru sərhədlərin bağlı qalması, qonşularla yaxşı münasibətlərin olması, ölkə daxilində hər hansı riskin olmaması, Dağlıq Qarabağ amilinin qalmaması, Ermənistanın silahlandırılması, Ermənistanla sülh müqaviləsi, Zəngəzur dəhlizi, Bakının Avrasiya İqtisadi İttifaqına daxil olması və sair məsələlərlə bağlı suallar maraqlandırırdı.

Prezidentin cavablarından məlum oldu ki, Bakı bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görür və bunlarla bağlı cavab tədbirləri həyata keçirir. Amma həmin ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlasalar da, Bakı “qırmızı xətləri” keçmir.

Bundan başqa, dövlət başçısı ilk dəfə etiraf etdi ki, quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyi hiss olunur:

“Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb”.

Prezident əmindir ki, Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur. “Üzləşə biləcəyimiz yeganə potensial risklər xaricdən gələ bilər. Onda biz nə etməliyik? Biz qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlamalıyıq”.

Dövlət başçısı Azərbaycanın öz qonşuları ilə yaxşı münasibət qurmasını xoş davranışla əlaqələndirib: “Hesab edirəm ki, əsas çıxış yolu və üsul düzgün və səmimi olmaqdır. Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik. Düşünürəm ki, bu, məhz həmin keyfiyyətlərlə bağlıdır. Çünki onlar bizə etimadla yanaşa bilərlər və bilirlər ki, bizim tərəfdən sürprizlər olmayacaq”.

O, Azərbaycan tərəfinin Ermənistana sülh bağlamaqdan savayı başqa şans verməyəcəyini bir daha nəzərə çatdırıb və qonşu ölkəni revanşist məqsədlərlə silahlandırmağa çalışanları sərt tənqid edib. “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır. Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübut etsinlər. Biz, sadəcə, oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.

Azərbaycan liderinin sözlərinə görə, ermənilər sülh sazişində “Dağlıq Qarabağ” ifadəsinin olmamasına razılaşdıqlarına görə, danışıqlarda əsas maneə artıq mövcud deyil. “Əgər onlar o qədər də vacib olmayan bəzi terminlərdən yapışsalar, onda biz aydın şəkildə görəcəyik ki, bu vaxtdan istifadə edərək daha çox silahlanmaq və bizə yenidən hücum etmək istəyi ilə bağlıdır. Lakin biz onlara belə bir şansı verməyəcəyik”.

İlham Əliyev kəndlərimizin timsalında torpaqlarımızın işğal faktına həssas münasibətini bir daha nümayiş etdirib. “Biz İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsi qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq. Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin eksklavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”.

Prezident bədxah qüvvələrin “Zəngəzur dəhlizi” sözünün Üçtərəfli Sazişdə olmadığı fikrinə də münasibət bildirib:

“Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-cu il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanmışdır. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı, əslində, pozur”.

O, qeyd edib ki, indi ermənilər həmin müddəanı aradan çıxarmaq istəsələr də bu, mümkün deyil: “Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət, təbii ki, çox məyus edir”.

Bununla belə, Azərbaycan lideri vurğulayıb ki, tərəflər sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır. “Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik”.

Həmin vaxt hətta “Madrid Prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlət başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi, indi isə o, artıq mövcuddur: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”, – deyə dövlətimizin başçısı əlavə edib.

Yeri gəlmişkən, İlham Əliyev Bakının Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaq planlarının olmadığını da vurğulayıb. “Bunun müzakirə oluna bilməyəcəyini deyə bilmərik. Hər şey bu yaxınlaşmadan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Onları görsək, qərar qəbul edəcəyik. Əgər belə olmasa, o zaman biz hazırda mövcud olan əməkdaşlıq səviyyəsindən məmnun qalacağıq”.

Prezident və Baş nazir səviyyəsində ölkəmizin Aİİ-nin bəzi tədbirlərinə dəvət olunduğunu, hətta bir dəfə özünün Aİİ-nin tədbirində fəxri qonaq qismində iştirak etdiyini xatırladan dövlət başçısı diqqətə çatdırıb ki, Ermənistan istisna olmaqla, Aİİ-nin bütün üzv ölkələri ilə Azərbaycan çox sıx tərəfdaşlıq edir.

Qeyd edək ki, İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf edən budəfəki konfransın işini Ermənistanın 30 illik işğalından azad olunmuş Laçında davam etdirməsi həm də rəmzi məna daşıyır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi, “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqi, ekosistemin bərpası, ətraf mühitin qorunması baxımından prioritet təşkil edir. Buna iqtisadi və “yaşıl” inkişafa fokuslanan beyin mərkəzlərinin və akademik institutların nümayəndələrinin şahid olması ənənəyə çevrilməkdədir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*