Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir.
Heydər Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışıb. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.
Azərbaycançılıq real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olundu. Digər tərəfdən, bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrildi. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən ideoloji faktor səciyyəsi daşıdı.
Hazırda isə bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə modernləşdirilmiş formada davam etdirilir. Azərbaycançılıq ideologiyası hər bir azərbaycanlının milli istinad və qürur mənbəyi kimi çıxış edir. Buna paralel olaraq dövlətimizin həyata keçirdiyi iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli-mənəvi dəyərlərimizin inkişafına, qorunmasına, təbliğinə xüsusi stimul və təkan verir.
Ümumiyyətlə, müasir dövrdə – qloballaşma şəraitində hər bir ölkənin milli inkişaf siyasətinin əsasında dayanan fundamental faktorlardan biri də milli-mənəvi dəyərlər və milli ideologiya əsasında gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsidir.
Şübhəsiz, bu, sistemli və çoxşaxəli məsələ kimi çıxış etdiyinə görə özündə bir çox məsələləri ifadə edir.
Azərbaycanda milli ideoloji dəyərlərin qorunması və təbliği məsələsi son dövrlər yenidən diqqət mərkəzinə çıxıb. Qloballaşma proseslərinin sürətləndiyi, müxtəlif mədəni təsirlərin cəmiyyətə nüfuz etdiyi bir şəraitdə “azərbaycançılıq” ideyasının aktuallığı daha qabarıq şəkildə hiss olunur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, azərbaycançılıq ideyası təkcə etnik və ya mədəni məfhum deyil, eyni zamanda siyasi və ideoloji platformadır.
![]()
Onun sözlərinə görə, bu ideya ölkədə yaşayan bütün vətəndaşları vahid milli kimlik ətrafında birləşdirən əsas sütunlardan biridir:
“Azərbaycançılıq ideyası tarixən formalaşmış və dövlət səviyyəsində dəstəklənən konsepsiyadır. Bu yanaşma müxtəlif etnik və dini qrupların harmonik şəkildə bir arada yaşamasını təşviq edir və cəmiyyət daxilində parçalanma risklərini minimuma endirir.
Müasir dövrdə informasiya müharibələrinin geniş vüsət aldığı bir şəraitdə milli ideologiyanın təbliği daha sistemli və məqsədyönlü şəkildə aparılmalıdır. Xüsusilə gənc nəslin bu ideya ətrafında maarifləndirilməsi vacibdir. Təhsil, media və ictimai platformalar bu prosesdə əsas rol oynamalıdır”.
Aydın Tağıyev əlavə edib ki, azərbaycançılıq ideyasının gücləndirilməsi yalnız ideoloji məsələ deyil, həm də milli təhlükəsizlik faktorudur.
“Bu ideyanın zəifləməsi cəmiyyət daxilində müxtəlif xarici təsirlərə qarşı müqavimətin azalmasına gətirib çıxara bilər. Dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları da bu istiqamətdə fəal iştirak etməli, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün koordinasiyalı fəaliyyət göstərməlidir”.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azərbaycançılıq ideyasının təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

