Azərbaycanda tələbələr üçün gedişhaqqının güzəştli olması mümkündür – DEPUTATbackend

Azərbaycanda tələbələr üçün gedişhaqqının güzəştli olması mümkündür - DEPUTAT

Bu gün Azərbaycanda xüsusən gənc nəslin sosial problemlərinin həlli istiqamətində müəyyən addımlar atılır. Tələbə təqaüdlərini, dövlət strukturlarındakı müxtəlif vəzifələrə gənclərin önə çəkilməsini, büdcə vəsaitləri hesabına gənclərin ali təhsil almaq üçün xarici ölkələrə göndərilməsini və bu kimi digər sosial layihələri misal çəkmək olar.

Lakin heç kimə sirr deyil ki, atılan bu addımlar Azərbaycanı nəinki inkişaf edən Qərb ölkələri, heç MDB dövlətləri ilə də rəqabətdə qalib etmir.  Bunu demək üçün sadəcə bir misal çəkmək kifayətdir. Belə ki, xarici mediada Qazaxıstanda tələbələr üçün gediş haqqları pulsuz oldu başlıqlı xəbər dərc edilər-edilməz böyük əks-səda doğurub. Bəli MDB-yə daxil olan Qazaxıstan artıq gənclərin sosial rifahının yaxşılaşdırılması istiqamətində daha bir addım atıb  və ölkənin azı 4 şəhərində tələbələrin ictimai nəqliyyatdan istifadəsi pulsuz edilib.

Bəs Azərbaycanda bu kimi irihəcmli, daha perspektivli və cəmiyyətin inkişafına böyük töhfə verə biləcək sosial layihələr niyə həyata keçirilmir? Məgər bunun üçün büdcə imkanları məhduddur?

Əslində büdcə vəsaitlərinin irihəcimli sosial layihələr üçün kifayət etdiyi hər kəsə məlumdur. O da məlumdur ki, Azərbaycan neft və qaz ixracatçısıdır və “qara qızıl”-dan əldə olunan gəlirlərin müəyyən hissəsini xərcləməklə “odlar diyarında” tələbələr üçün ictimai nəqliyyatı pulsuz etmək olar.

KONKRET.AZ mövzunun ölkəmiz üçün də aktuallığını nəzərə alıb, rəsmi qurumların və ekspertlərin mövqeyini öyrənməyə çalışıb.

Mais Ağayev: “İctimai nəqliyyatda göstərilən xidmətlərin keyfiyyəti artırıldıqdan sonra, bu cür məsələlərə baxıla bilər”

Mais Agayev, BNA-nın mətbuat xidmətinin rəhbəri

Öncə ölkədə ictimai nəqliyyatın hərəkətinə və fəaliyyətinə cavabdehlik daşıyan qurumlardan biri olan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev ilə əlaqə saxladıq. Qurum rəsmisi mövzu ilə bağlı olaraq bildirdi ki, hazırda Bakı şəhərində avtobus parkının genişləndirilməsi işləri həyata keçirilir: “Kart sisteminə keçid məsələsi öz həllini tapmaqdadır. Bütün bunlar tam şəkildə öz həllini tapdıqdan, ictimai nəqliyyatda göstərilən xidmətlərin keyfiyyəti artırıldıqdan sonra bu cür məsələlərə baxıla bilər. Yəni gələcəkdə tələbələrin ictimai nəqliyyatdan pulsuz istifadəsini təmin  etmək  haqda müzakirələrin aparılması mümkündür.  Amma bu məsələnin bir iqtisadi tərəfi də mövcuddur. Ona görə də elə etmək lazımdır ki, təklif reallaşacağı təqdirdə heç kim zərər çəkməsin”.

Mais Ağayev əlavə edib ki, insanların rifah halının yaxşılaşdırılmasına yönəlik istənilən layihəni həyata keçirmək mümkündür. Lakin bunun üçün müəyyən zamana ehtiyac var.

Musa Qasımlı: “Ən uyğun variant tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadə etməsidir”

Musa Qasımlı, millət vəkili

Millət vəkili Musa Qasımlı isə bildirib ki, tələbələrin ictimai nəqliyyatdan istifadəsi ilə bağlı dünyanın qabaqcıl ölkələrində məqbul variantlar var: ”Ən uyğun variant tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadə etməsidir. Hesab edirəm ki, bu məsələni müvafiq qurumlar müzakirə edə bilərlər”.

Ərşad Hüseynov: ”İlk olaraq bunu qanunvericilikdə təsdiq etmək lazımdır”

Ərşad Hüseynov, ekspert

“Digesta” hüquq firmasının rəhbəri, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə qeyd edib ki, Azərbaycanda tələbələrin ictimai nəqliyyatdan pulsuz istifadəsini təmin etmək mümkündür: “Lakin ilk olaraq bunu qanunvericilikdə təsdiq etmək lazımdır. Daha sonra bu məsələnin icra mexanizmləri haqqında konkret iş aparmaq olar: “Gənc yaşında istənilən şəxsin özünü tələbə kimi təqdim etməsi mümkündür. Amma bu layihənin həyata keçirildiyi ölkələrdə tələbələrə xüsusi kartlar verilir. Həmin kartlara dövlət büdcəsindən müəyyən vəsait köçürülür. Tələbələr də bu vəsaitlərdən istədikləri kimi istifadə edirlər. Dünya təcrübəsində bu cür variantlar mövcuddur. Azərbaycanda isə ilk növbədə bu layihəni qanunvericilikdə təsdiqləmək, daha sonra isə icra mexanizmlərini hazırlayaraq həyata keçirmək lazımdır”.

Müşfiq ƏHMƏDOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*