Azərbaycan bu məsələdə ABŞ-ni qabaqlayıb – Ölkəmizdə gender bərabərliyinin real durumubackend

Azərbaycan bu məsələdə ABŞ-ni qabaqlayıb – Ölkəmizdə gender bərabərliyinin real durumu

Azərbaycan tarixinin ən şərəfli, qürurverici səhifələrindən biri də 1918-ci ildə qadına seçmək və seçilmək hüququnun verilməsidir. Gender bərabərliyinin göstəricisi olan bu əlamətdar hadisə Şərqdə ilk demokratik, dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə baş verib.

Maraqlıdır ki, bu məsələdə Azərbaycan hətta demokratiyanın beşiyi sayılan Amerika Birləşmiş Ştatlarını da qabaqlayıb. 1870-ci illərdən başlayaraq ABŞ-nin ayrı-ayrı ştatlarında qadınlara seçki hüququ tanınsa da, bütövlükdə 1920-ci il avqustun 18-də Amerika qadınlarına səsvermə hüququ ratifikasiya olunub və bu, ABŞ Konstitusiyasına salınıb.

Gender bərabərliyi: Azərbaycan 94-cü yerdədir – Novator.az

Sinfindən, irqindən, millətindən və dinindən asılı olmayaraq, dünyanın hər yerində qadınlar müəyyən gender problemləri ilə qarşılaşıblar. Odur ki, “zərif” cinsin nümayəndələri gender bərabərliyinə nail olmaq üçün uzun prosesdən keçiblər. Tarixin əvvəlki dövrlərində az qala insan kimi qəbul olunmayan qadınlar ilk dəfə XVII əsrdə İngiltərədə öz haqq səslərini yüksəltməyə başlayıblar.

Bu fəaliyyətin nəticəsidir ki, indi dünyanın əksər ölkələrində daha qadınlar kişilərdən intellektual səviyyəcə aşağı, şər və pis nəfsin əsas mənbəyi hesab olunmur. Hətta hazırda 22 ölkə qadınlar tərəfindən idarə olunur. Onlar kraliça, prezident, vitse-prezident, baş nazir, kansler, dövlət katibi, spiker, nazir, komitə sədri, deputat vəzifələrini inamla və böyük məsuliyyətlə daşıyır, dövlətlərinə nüfuz qazandırırlar. Siyasi-ictimai, sosial-iqtisadi və humanitar sahələrdə çalışmaqla qadınlar dünyanın inkişafına böyük töhfələr verir, xalqlarının hər cəhətdən, o cümlədən demoqrafik baxımdan yüksəlişinə, ölkələrinin rifahının artırılmasına nail olurlar.

İndi demək olar ki, qadınların çalışmadığı sahə yoxdur. Onlar istənilən iqlim şəraitində – yerdə də, göydə də, suda da, quruda da kişilərlə bərabər işləyir, ailələrinə və cəmiyyətə faydalı olmağa çalışırlar. Artıq çoxdan sübut olunub ki, məsələ dünyaya kişi və qadın kimi gəlməkdə deyil. Əsas olan təmsil etdiyin sahənin peşəkarı olmaq, yerində saymamaq, inkişafa can atmaqdır. Odur ki, müasir dövrümüzdə ölkələrin əksəriyyətində, o cümlədən Azərbaycanda da qadının cəmiyyət tərəfindən kişidən az qiymətləndirilməsi demək olar ki, aradan qaldırılıb.

Gender bərabərliyi dedikdə, əksəriyyət feminizm anlayışını qəbul edir”

AXC-nin siyasi varisi olan Azərbaycan Respublikasının Konstitusiyası da kişilərə və qadınlara eyni hüquqları verib. Azərbaycan dövləti həm də gender bərabərliyinin təmini üçün mühüm beynəlxalq konvensiyalara qoşulub.

Vaxtilə çadrasını başından atan azərbaycanlı xanımların ailələrinin rifahı, ölkənin inkişafı naminə xarüqələr yaratdığı göz önündədir. Onlar həm ailə həyatı qurur, demoqrafiyanın artmasında müstəsna rol oynayır, həm də ölkənin müxtəlif sahələrinin idarə olunmasında və inkişaf etməsində misilsiz xidmətlər göstərirlər. Bu zaman vətəndaş azadlıqlarından və müasir dövrün informasiya texnologiyalarından bəhrələnirlər.

Azərbaycanın siyasət, elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, ədəbiyyat, idman, hərb sahələrində qadınlarımızın xidmətləri danılmazdır. Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Ağabacı Rzayeva, Şövkət Məmmədova, İzzət Orucova, Leyla Məmmədbəyova, Qəmər Salamzadə, Şəfiqə Əfəndizadə, Sona Vəlixan, Sara Aşurbəyli, Həmidə Cavanşir, Zərifə Əliyeva, Fəridə Məmmədova, Şəfiqə Axundova, Elmira Abbasova, Zeynəb Xanlarova, Firəngiz Əlizadə, Mərziyə Davudova, Leyla Bədirbəyli, Hökumə Qurbanova, Nəsibə Zeynalova, Nəcibə Məlikova, Münəvvər Kələntərli, Barat Şəkinskaya, Sofa Bəsirzadə, Məhluqə Sadıxova, Maral Rəhmanzadə, Vəcihə Səmədova, Elmira Şaxtaxtinskaya, Salatın Əsgərzadə, Əzizə Mustafazadə və onlarla adlarını bir yazıya sığışdıra bilmədiyimiz qadınlarımızın isimləri ölkəmizin tarixinə qızıl hərflərlə həkk olunub.

Ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsi, Azərbaycan Milli Məclisinin spikeri vəzifəsinə Sahibə Qafarovanın seçilməsi, ombudsman vəzifəsinə Səbinə Əliyevanın (ondan öncə də bu vəzifəni Elmira Süleymanova daşıyırdı) gətirilməsi ictimai-siyasi həyatda azərbaycanlı xanımların nümayiş etdirdikləri cəsarətin, qətiyyətin, fədakarlığın yüksək səviyyədə qiymətləndirilməsi deməkdir.

Anti-Azərbaycan qüvvələrinin qalib ölkəmizə təzyiqlər göstərməyə çalışdığı bir vaxtda isə Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə ermənilər tərəfindən Qarabağda dağıdılmış tarixi, mədəni və dini abidələrimizin olduğu kimi bərpa edilməsi, şəhər və kəndlərimizin müasir şəkildə bərpası və yenidən qurulması istiqamətində maraqlı layihələr həyata keçirməkdədir. Onun Avropanın bir sıra ölkələrində tarixi və dini abidələrin bərpası, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin təbliği ilə bağlı həyata keçirdiyi irimiqyaslı layihələr bütün dünyada rəğbət doğurub.

Əlbəttə, xalqımızın düşmənləri tərəfindən ölkəmizin başına gətirilən müsibətlər zamanı azərbaycanlı xanımlar və uşaqlar da çox böyük əzab-əziyyətə düçar olmuşlar. Erməni faşistlərinin xalqımızın başına gətirdikləri deportasiyaların, soyqırımların, hərbi cinayətlərin zərbələri qadınlarımızdan və gələcəyimiz olan uşaqlarımızdan da yan keçməyib. Azərbaycan kişilərinin üzərində əsdikləri xanımları və övladları vəhşicəsinə qətlə yetirilib, işgəncələrə məruz qalıb, əsir və girov götürülüblər. Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ Müharibəsi (1991–1994-cü illər) zamanı 3890 Azərbaycan vətəndaşı itkin düşüb, 1480 vətəndaş isə əsirlikdən azad edilib, 44 günlük Vətən Müharibəsi (2020-ci il 27 sentyabr-10 noyabr) zamanı isə 6 vətəndaş itkin düşüb, 24 vətəndaş əsirlikdən azad edilib.

Bu gün isə azərbaycanlı ailələr doğma yurdlarına dönməkdədirlər. İndi yenidən qurulan Ağalı, Talış, Zabux kəndlərində, Füzuli, Laçın şəhərlərində ailə ocaqları yenidən alovlanır, evlərə qadın sığalı çəkilir, uşaqların şaqraq səsləri Qarabağı  bürüyür, Xankəndidə azərbaycanlı körpə dünyaya gəlir.

İnanırıq ki, 30 ilə yaxın dövrdən sonra Qarabağı azad etdiyimiz kimi, azərbaycanlı qadınları, uşaqları qətlə yetirən, onları şikəst edən, azərbaycanlıların demoqrafik inkişafına böyük zərbələr vuran erməni cinayətkarlar layiqli cəzalarını alacaqlar. Bunu beynəlxalq birliyin göz yumduğu ədalət tələb edir. Ədalət isə bizim tərəfimizdədir.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın təbirincə desək, “onlar bu milləti tanımayıblar, amma tanıyacaqlar. Biz bir ölərik, min dirilərik!”.

Xatirə SADİQ,

KONKRET.az

Medianın İnkişafı Agentliyi — Vikipediya

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*