Azərbaycanda yaxın günlərdə ƏFV olacaq? – AÇIQLANDIbackend

Azərbaycanda yaxın günlərdə ƏFV olacaq? - AÇIQLANDI

Ramazan ayının gəlişi ilə bir çox müsəlman ölkələrində humanizm və mərhəmət mesajları fonunda mühüm qərarlar qəbul olunur. Bu kontekstdə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin 1440 məhbusa əfv verməsi cəmiyyətdə geniş rezonans doğurub və oxşar addımların digər ölkələrdə də atılıb-atılmayacağı müzakirə mövzusuna çevrilib.

Xüsusilə də əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda Ramazan ayı və ya qarşıdan gələn Novruz ərəfəsində əfv sərəncamının imzalanıb-imzalanmayacağı maraq doğurur.

Azərbaycanda da yaxın günlərdə genişmiqyaslı əfv qərarı verilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Tural Abbaslı bildirib ki, əfv vermək birbaşa prezidentin səlahiyyətinə daxildir və bunun üçün hər hansı xüsusi günün gözlənilməsi zəruri deyil.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət başçısının istənilən vaxt əfv vermək hüququ var:

“Şərt deyil ki, hər hansı bayram və ya xüsusi gün gözlənilsin. Prezident istəsə, adi bir gündə də əfv sərəncamı imzalaya bilər. Sadəcə olaraq, əksər dövlətlərdə bu cür qərarlar daha çox əlamətdar tarixlərdə qəbul edilir.”

Ramazan ayında əfv verilməsi gözlənilə bilər. Dövlət öz vətəndaşlarına ikinci şans verməlidir. Təbii ki, hər kəsi əfv etmək olmaz. Bunun üçün Əfv Komissiyası fəaliyyət göstərir, müraciətlər araşdırılır, təhlil edilir və yalnız əfv olunmağa layiq bilinən şəxslərin siyahısı prezidentə təqdim olunur.”

Tural Abbaslı hesab edir ki, əfv qərarı cəmiyyətdə milli barışığın güclənməsinə və sosial gərginliyin azalmasına da töhfə verə bilər.

“Xüsusilə ömürlük həbs cəzası çəkən bəzi şəxslər, ağır olmayan cinayətlərə görə məhkum olunmuş qadınlar və səhhətində ciddi problemlər olan məhbuslar əfv edilə bilərlər.

Əfv humanist addımdır. Azərbaycanda daha çox Novruz və Yeni il ərəfəsində əfv sərəncamları imzalanır. Ümid edirəm ki, qarşıdakı Novruz bayramında da belə bir qərar qəbul oluna bilər”, – deyə o, əlavə edib.

Qeyd edək ki, Azərbaycanda əfv sərəncamları adətən xüsusi əlamətdar günlərdə imzalansa da, qanunvericilik dövlət başçısına bu qərarı istənilən vaxt vermək imkanı yaradır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*