Azərbaycanda hərbi geyim formasının kimlər tərəfindən daşına bilməsi və bu qaydanın pozulmasına görə hansı məsuliyyətin nəzərdə tutulması məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Xüsusilə, son illərdə qanunvericiliyə edilən dəyişikliklərdən sonra hərbi forma ilə bağlı tələblər daha da sərtləşdirilib. Bəs qanunvericiliyə əsasən hərbi geyim formasını kimlər daşıya bilər və bu qaydanı pozanları hansı cəza gözləyir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, mövcud qanunvericiliyə görə Azərbaycanda hərbi geyim formasını yalnız həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, hərbi liseylərdə təhsil alan kursantlar, Milli Müdafiə Universiteti və onun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin hərbi qulluqçu statusu olan şəxsi heyəti daşıya bilər.

“Həqiqi hərbi xidmətdə olanlara müddətli və müqaviləli hərbi qulluqçular, əsgərlər, gizirlər və zabitlər daxildir. Kursant anlayışına isə hərbi lisey və ali hərbi məktəblərin kursantları aiddir.
Ehtiyata və ya istefaya buraxılan şəxslər yalnız qanunvericiliklə müəyyən edilmiş xüsusi günlərdə və müvafiq icazə olduqda hərbi geyim formasını daşımaq hüququnu saxlayırlar. Bu kateqoriyaya əsasən veteran statusu olan şəxslər daxildir”.
Ədalət Verdiyev vurğulayıb ki, hərbi qulluqçu olmayan mülki şəxslərin hərbi geyim formasını daşıması qanunla qadağandır və bu hal hüquqi məsuliyyət yaradır.
“Əvvəllər qüvvədə olan qanunvericiliyə əsasən hərbi geyim formasını qanunsuz daşıyan şəxslər 300 manatdan 500 manatadək cərimə edilirdi. Lakin Milli Məclis tərəfindən edilən dəyişikliklərdən sonra cərimələrin məbləği artırılıb.
Hazırda mövcud qanunvericiliyə əsasən hərbi qulluqçulara məxsus fərqlənmə nişanları olan hərbi geyim formasını qanunsuz daşımağa görə fiziki şəxslər 800 manatdan 1000 manatadək cərimə edilir. Bundan əlavə, həmin geyimlər qanuna uyğun olaraq müsadirə olunur”.
Aynurə İsmayıl
KONKRET.az

O ne demek di 5il 3 ay can qoyum 1 müharibə 2 antiterror əməliyyatında isdirak edim sora forma geyinə bilmiym he