Müharibə xəbərləri təkcə böyükləri deyil, uşaqları da dərindən sarsıdır. Televiziya və sosial mediada yayılan şiddət görüntüləri, partlayış səsləri və qorxu dolu məlumatlar uşaqlarda narahatlıq, yuxu pozuntusu və təhlükəsizlik hissinin zəifləməsinə səbəb ola bilər. Xüsusilə münaqişə görmüş regionda yaşayan ailələr üçün bu təsir daha həssas olur.
Bəs valideynlər belə bir informasiya axını qarşısında necə davranmalıdır? Uşaqları xəbərlərdən tam uzaq tutmaq doğrudurmu, yoxsa onlarla açıq və sakit şəkildə danışmaq daha sağlam yanaşmadır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Gövhər Məmmədova bildirib:
“İlk öncə bildirmək istəyirəm ki, təkcə müharibə yox, hər mövzuda uşaqların yaşını nəzərə almalıyıq, onlara uyğun olmayan informasiyanı verməkdən çəkinməliyik. Çünki uşaq beyni hər informasiyanı öz anlaya biləcəyi şəkilə salır və o cür yaddaşda saxlayır, bu isə çox zaman yalnış şəkil alır”.
“Ona görə də hər bir mövzuda məlumat verərkən uşağın yaşını unutmayaraq ona uyğun formada izah etməliyik. Vacib deyil ki, biz uşağa hər məlumatı açıqlığı ilə tam şəkildə verək, ələxsus da müharibə, cinayət, şiddət olan informasiyadan bacardığımız qədər uzaq tutmalıyıq”, deyən psixoloq daha vacib mətləbə də toxunub.
“Əgər uşaq təsadüfən belə bir məlumat eşidib yaxud video izləyibsə, gördüklərini yaxud eşitdiklərini qorxu hiss oyatmadan, tərkib olaraq kiçildərək izah etməliyik və hal-hazırda onu hansısa təhlükənin gözləmədiyini bildirməliyik”.
“Bəzən uşaqlar özləri də bilmədən daxildə qorxu, narahatlıq, təşviş toplayırlar. Belə hallarda uşağa daha çox zaman ayırmalı, səmərəli vaxt keçirməliyik və mütləq şəkildə hansısa sualı olarsa, gəlib soruşa bilməsinə şərait yaratmalıyıq”, — deyə sonda psixoloq Gövhər Məmmədova qeyd edib.
Dəniz Pənahova
KONKRET.az
