ABŞ Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq edəcəyini açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən bildirir ki, Ağ Ev bununla bağlı Prezident Co Baydenin bəyanatını dərc edib.
Sanksiyalar həm Ukraynadakı müharibə, həm də rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümü ilə bağlı qəbul edilib.
“Sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, həmçinin Rusiyanın maliyyə və müdafiə sənayesi sektorlarını, satınalma şəbəkələrini və sanksiyalardan yayınan şəxsləri hədəf alacaq”, – Ağ Ev bildirib.
ABŞ həmçinin Rusiyaya dəstək verməkdə ittiham olunan 100-ə yaxın şirkətə ixrac məhdudiyyətləri tətbiq edir.
Baydenin sözlərinə görə, ABŞ“Rusiyanın enerji gəlirlərini daha da azaltmaq üçün tədbirlər görür.
Bayden bəyanatında Ukraynaya hərbi yardımın maliyyələşdirilməsinin təsdiq edilməsinə dair ABŞ Konqresində yaranmış problemi xatırladıb və Nümayəndələr Palatasını “çox gec olmadan” qanun layihəsini qəbul etməyə çağırıb.
“Bu kritik anda Ukraynaya dəstək verilməməsi unudulmayacaq. İndi bizim Ukrayna ilə yanaşı möhkəm dayanmağımız, müttəfiqlərimiz və tərəfdaşlarımızla birləşmək vaxtımızdır. İndi ABŞ-nin azadlığın tərəfdarı olduğunu və heç kimə boyun əyməyəcəyini sübut etməyin vaxtıdır”, – ABŞ prezidenti bildirib.
Xatirə SADİQ,
KONKRET.az
