Biz bu məsələlərdə bədnam ermənilərdən və gürcülərdən geri qalırıq – TƏFƏRRÜATbackend

Biz bu məsələlərdə bədnam ermənilərdən və gürcülərdən  geri qalırıq - TƏFƏRRÜAT

Surxay Atakişiyev

Martın 21-də dünyada Beynəlxalq Meşələr günü qeyd olunur. Amma mən müşahidə eləmişəm, bu gün ölkəmizdə heç zaman geniş şəkildə qeyd edilməyib. Bir dəfə bunun səbəbini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşından da soruşdum. Əlini yellədib dedi ki, “Bayram günü nə tədbir? Hərə öz işində-gücündə olur”. Məncə, əsas səbəb bu deyil. Çünki Novruzun zatən mahiyyəti oyanışdı, torpaq üstünə çıxmaqdı, piknikdir. Və Beynəlxalq Meşələr gününü bu mənada əsl bayram gəzintisinə və ağac əkmə aksiyasına çevirmək olar. Amma neyləyək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başı daha ciddi işlərə qarışıb. Ona görə də bu günü o qədər də vacib hadisə saymır.

Əslində isə bu günün qeyd edilməsi sivilizasiyanın diqqətini ekoloji tarazlığın bərpasına yönəltməkdir. Bizdə isə ekoloji problem deyəndə ya restoranlar yada düşür, ya da şirkətlərin axıtdığı çirkab suları. Meşə bizdə ekoloji problem deyil, meşə əsl biznesdir. Belə olmasa idi, Astaradan tutmuş Cəlilabada, Mərəzədən Balakanə qədər, Xızıdan QusaraTərtərdən tutmuş Qazaxa qədər bütün meşə zolaqlarında son illərdə N qədər istirahət kompleksləri, restoranlar və fərdi yaşayış evləri tikilməzdi. Bu gün min hektarlarla meşə sahəsi ayrı-ayrı hüquqi və fiziki şəxslərə uzunmüddətli icarəyə verilib. Və icarədərlar da burda özləri üçün qəşəng biznes qurublar. Hələ meşələrin ənginliklərində tikilən villalara və o villara çəkilən geniş və işıqlı yolları demirəm. Hələ mebel sexlərini demirəm. Qiymətli qoz, fıstıq və küknar ağacları hesabına mebel biznesi ölkəmizdə ən öndə gedən sahələrdəndir.

Ona görə də bizə beynəlxalq çağırışlar lazım deyil. Biz öz işimizi yaxşı bilirik. Əvvəl meşələri qırırıq. Sonra da büdcə vəsaitlərini silmək üçün meşə salmaq adına milyonları mənimsəyirik. Baxmayaraq Azərbaycan meşə örtüyünün ən az olduğu ölkələrdən biridir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 10 min 382 hektar (!) meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib. Ölkədə ümumilikdə meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 21 min 668,6 hektar təşkil edib. Statistik məlumata görə, respublikada meşə fоndu sahəsi 1 milyon 213,7 min hektar olmaqla, ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1 milyon 21 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir.

Ölkənin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür.

BMT-nin Baş Assambleyasının hesabatına görə son illərdə Azərbaycanda təqribən 59 min hektar yeni meşəlik salınıb. Amma qonşu Gürcüstanda isə bu rəqəm 84 min hektardır. Təxminən 50 faiz çox. Nəzərə alaq ki, Gürcüstan 2 milyon 793 min hektar meşə sahəsinə malikdir. Və bu da ölkə ərazisinin 40.7 faizi deməkdir. Bu isə onu göstərir ki, meşəsalmada biz ərazisi iki dəfə bizdən az olan Gürcüstana belə uduzuruq. Hələ Ermənistanı demirəm. Son illərdə bədnam qonşularımız 55 min hektar meşə əkiblər. Halbuki meşə örtüyü bu ölkə üçün o qədər də vacib deyil. Ona görə ki, Ermənistan ərazisi dəniz səviyyəsində xeyli yüksəklikdədir. Və zəngin su və bitki örtüyü ehtiyatına malikdir. Amma biz bu bədnam ermənilərdən də geri qalırıq.

Di gəl ki, arxamızı yerə vurmuruq. Dindirsən, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyəcək ki, “meşə salmada və meşəbərpada biz regionda liderik”. Bəlkə bir az da qabağa gedib “Avropada liderik” deyəcək. Faktlar isə onu göstəririr ki, meşəsalma məsələsində biz hətta cırtdan dövlətlərə belə uduzuruq.

Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir xatırlatma etmək istəyirəm. 2021-ci ildə Beynəlxalq Meşələr Günü bütün dünyada “Meşələrin bərpası: bərpa və rifaha aparan yol” devizi altında qeyd edilir.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*