ABŞ-da Waymo, Tesla kimi şirkətlərin istehsal etdiyi avtonom avtomobillər artıq bəzi şəhərlərdə sınaqdan keçirilir. Bəs bu texnologiya yaxın 10 ildə Azərbaycanda da tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, süni intellektin tətbiqi ilə idarə olunan avtomobillər dünyada sürətlə inkişaf etsə də, bu texnologiyanın Azərbaycanda tam şəkildə tətbiqi hələ mümkün deyil.
“Bir çox avtomobil istehsalçısı bu istiqamətdə ciddi addımlar atır. Xüsusilə, Tesla şirkəti avtonom idarəetməni inkişaf etdirməkdə israrlıdır. Çində də artıq bir sıra avtomobillər bu sistemlə təchiz olunur. Süni intellekt bəzi məqamlarda insandan üstün ola bilər, lakin onun “hissiyyat” və “intuisiya” kimi qabiliyyətləri yoxdur. İnsan bəzən vəziyyəti hiss edərək düzgün qərar verir. Bu, hələ süni intellektdə mövcud deyil,” – ekspert bildirib.
Onun sözlərinə görə, avtonom avtomobillərin tam etibarlı olması üçün bir çox texnoloji şərtlər yerinə yetirilməlidir:
“Bu sistemlərdə internetin keyfiyyəti, yol infrastrukturunun vəziyyəti, 5G bağlantısı, xəritələmə texnologiyaları mühüm rol oynayır. İnternetin kəsilməsi, sensorlarda yaranan nasazlıq və ya məlumat gecikməsi kimi hallar ciddi təhlükə yarada bilər.
Məsələn, yaxın keçmişdə Tesla avtomobili test zamanı yük maşınına çırpılmışdı. Bu da göstərir ki, sistem hələ tam mükəmməl deyil.”
Ekspert hesab edir ki, süni intellekt bir çox sahədə uğurla tətbiq olunsa da, avtomobil idarəçiliyində risklər minimuma endirilmədən bunun geniş istifadəsi düzgün olmaz:
“Avtonom idarəetmənin Azərbaycanda tətbiqi üçün həm texnoloji infrastruktur, həm də hüquqi baza formalaşmalıdır. Böyük risklərin qarşısı alınmadan bu sistemin real həyatda istifadəsi çətin görünür.”
Aynurə İsmayıl
KONKRET.az