Azərbaycanda bəzən elə hallar olur ki, şəxs uzun illər işləyib sosial sığorta haqları ödəsə də, pensiya almağa yaşı çatmadan dünyasını dəyişir. Bu zaman onun illərlə topladığı vəsaitin və əmək stajının taleyi necə olur? Bu vəsaitlər ailə üzvlərinə qaytarıla bilərmi, yoxsa dövlət büdcəsinə daxil edilir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, əgər şəxs artıq pensiya alırdısa və dünyasını dəyişibsə, bu zaman onun himayəsində olan 18 yaşına çatmamış uşaqlar, 23 yaşına qədər ali təhsil alan gənclər və ya fiziki məhdudiyyətli ailə üzvləri müəyyən hesablamalar əsasında pensiya ala bilirlər.

“Əgər vəfat edən şəxsin həyat yoldaşı da pensiyaçıdırsa və onun pensiyası daha aşağıdırsa, bu halda vəfat etmiş şəxsin təqaüdü müəyyən qaydada həyat yoldaşının adına keçirilə bilər. Bu mexanizmlə vəfat edən şəxsin mövcud kapitalından dolayısı ilə istifadə imkanı yaradılır”.
Rəşad Həsənovun sözlərinə görə, vətəndaş pensiya hüququ əldə etmədən dünyasını dəyişərsə, onun adına yığılan məcburi dövlət sosial sığorta haqları artıq Dövlət Sosial Müdafiə Fondunun gəliri hesab olunur və varislik hüququ tətbiq edilmir.
Ekspert əlavə edib ki, belə vəsaitlərin geri qaytarılması və ya varislərə ötürülməsi yalnız qanunvericilikdə müvafiq dəyişikliklər aparılarsa mümkün ola bilər:
“Əgər varislik hüququ təmin olunsa, bu zaman müxtəlif modellər tətbiq ediləcək. Bəzi ölkələrdə vəfat edən şəxsin kapitalı varislərin pensiya kapitalına əlavə olunur, digərlərində isə ailə üzvlərinə sosial yardım kimi ödənilir. Yığım əsaslı pensiya sistemi tətbiq edilən ölkələrdə isə bu vəsait ümumiyyətlə varislik hüququnun predmetidir. Hətta bəzi hallarda vətəndaş vəsaitini xeyriyyə fondlarına ianə kimi yönləndirmək hüququna malik olur.”
İqtisadçının fikrincə, bu istiqamətdə əsas məsələ pensiya kapitalına münasibətdə varislik mexanizminin yaradılmasıdır. Onun sözlərinə görə, gələcəkdə sosial-iqtisadi vəziyyət və ictimai tələbdən asılı olaraq bu cür modellərin Azərbaycanda da tətbiqi mümkündür.
Aynurə İsmayıl
KONKRET.az
