Aprel ayına olan məlumata görə, Avropa qitəsinin dörddə birindən çoxu quraqlıqdan əziyyət çəkir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Avropanın bir çox ölkəsi 2022-ci ilin yayında qarşılaşdıqları quraqlığın təkrarlanmasına hazırlaşır.
Qeyd olunub ki, iqlim böhranı su ehtiyatlarına çıxış üçün Avropa ölkələri arasında rəqabətin artmasına səbəb ola bilər.
Yanvarın sonunda Qraz Texnologiya Universitetinin mütəxəssisləri peyk görüntülərini təhlil edərək belə qənaətə gəliblər ki, qoca qitə 2018-ci ildən bəri şiddətli quraqlıqdan əziyyət çəkir.
Məlumata görə, su ehtiyatlarına çıxışla bağlı münaqişə Fransada toqquşmalara səbəb olub.
Belə ki, bir neçə kəndin sakinləri su ilə təmin oluna bilmir. İspaniyada isə milyonlarla kataloniyalını su ilə təmin edən Sau su anbarı tükənmək üzrədir. İtaliyanın ən böyük su hövzəsi olan Po çayının səviyyəsi keçən ilin iyun ayından bəri ən aşağı həddə enib. Ən çox zərər çəkmiş bölgələrin bir çoxunda yağış və ya qar yağmayıb.
Mütəxəssislər bildirir ki, su ehtiyatlarına çıxış Avropa hakimiyyəti üçün problemə çevrilib və bu da öz növbəsində ölkələr arasında rəqabətin artmasına səbəb olub.
Qeyd olunub ki, 2022-ci ilin yayında Böyük Britaniya, Fransa, İspaniya və İtaliyada yaşanan quraqlıq səbəbindən sudan istifadəyə məhdudiyyətlər tətbiq edilib. Lakin bu, turizm və kənd təsərrüfatı sənayesində problemlər yaradıb.
Keçən yay Avropa rekord quraqlıq və meşə yanğınları ilə üzləşib. Kənd təsərrüfatı zərər çəkib, bəzi çaylar və göllər quruyub.
İqbal Rzayev,
KONKRET.az
