Cənubi Afrika hakimiyyəti Putindən BRİKS sammitinə gəlməməyi xahiş edib.
KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın “Sunday Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Cənubi Afrika hakimiyyəti Rusiya Prezidenti Vladimir Putindən bu yay Cənubi Afrikada keçiriləcək BRİKS sammitinə gəlməməyi istəyib.
Buna səbəb Rusiya Prezidentinin Ukraynada hərbi cinayətlərdə ittiham olunaraq Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) çıxardığı həbs qərarıdır.
Cənubi Afrika Respublikası Roma Əsasnaməsini imzalayan ölkələr sırasındadır və BCM-nin qərarlarına əməl etməyə borcludur.
“Putini həbs etməmək kimi seçimimiz yoxdur. O, bura gələrsə, onu həbs etməli olacağıq”, – deyə Cənubi Afrika hökumətinin sözçüsü qəzetə bildirib.
Nəşrin məlumatına görə, ötən həftə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa xüsusi komitə təyin edib. Bu komitə Rusiya Prezidentinin həbsinə order verilməsi ilə bağlı hakimiyyətin variantlarını öyrənməlidir.
Nəşrin həmsöhbətinin sözlərinə görə, komitə Putinin Moskvadan videobağlantı vasitəsilə sammitdə iştirakından başqa ayrı variant tapa bilməyəcək.
Adı açıqlanmayan yüksək vəzifəli məmurlar nəşrə təsdiqləyiblər ki, Pretoriya bununla bağlı Moskva ilə danışıqlar aparır.
Martın sonunda Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidentinin Durban sammitində iştirakı ilə bağlı hələ qərarın olmadığını bildirib.
Cənubi Afrika Respublikasının Moskva ilə sıx əlaqələri var. Rusiyanın Ukraynaya təcavüzündən sonra Cənubi Afrika rəsmi Moskvanın hərəkətlərini pisləməyib, silahlı münaqişəyə son qoymaq üçün neytral qalmağa və dialoqa üstünlük verəcəyini bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
