Cəmiyyət əxlaqlı sözə möhtacdır – “Yalana, həqarət və riyalara nəfəs verdik”backend

Cəmiyyət əxlaqlı sözə möhtacdır - "Yalana, həqarət və riyalara nəfəs verdik"

Eldar Sabiroğlu

Sözə qənim kəsilənlərin sırası günbəgün çoxalır. Təvazü olmasa da, deyim ki, yoldaşlıq etdiyim 44 ildə xəyanət etmədim qələmə. Uymadım natəmiz işlərə. Nə aldım, nə də kimsənin maliyyə balansına ödənişlər göndərdim. Dövrünün böyük ziyalısı babam Xəlil kişinin hər səhər qapının ağzında verdiyi öyüd-nəsihət xarakter etibarı ilə məni onun özü etdi. Bir gün babama dedim ki, özünü yorma, sözlərin artıq qanıma işləyib. Babam gülərək məni qucaqladı və inandığını bildirdi. Babamın yanında alnım açıqdır. Bir kibrit qutusu qədər nə haram-nə halal bir sahəm yoxdur. Yoxsa başıma çevirmişdilər.

Ziyalı axtaran gözlərim yol çəkir. Ya mən görə bilmirəm məmləkətin işıqlı adamlarını, ya onlar özlərini çıxdaş etdiklərindən yerləri görünmür. Hardadır adını ziyalı qoyan elm adamlarımız, yazıçı və şairlərimiz? Müəllimlərimiz, sənət adamlarımız qaranlıqlardan işıqlı dünyaya nə zaman çıxacaqlar? Onların sözünə bu gün çox ehtiyac duyuruq. Ehtiyat etdikləri nədir? Təntənəli adlar, vəzifə ehtirasları, dövlət mükafatları, ailəsini yağ-bal içində yaşatmaq hisləri, yoxsa qorxu!!! Zənnimcə, hər ikisi də var. Sözün gücünü tükətmək əvəzinə onun təmizliyi keşiyində dayanmağı özümüz üçün şərəf-namus borcu hesab etməliyik. Çətin yoldur bilirəm, amma bu yola nəhayət ki, ayaq basmalıyıq. Söyüş və təhqirdən uzaq mübarizə üsulları bu gün cəmiyyətimizdə normal münasibətlərin qurulması üçün hava-su kimi lazımdır. Sözün lətafətini itirdikcə özümüz də itirik.

Haçansa adi bir söyüşü dilimə gətirmədim, kimisə təhqir etmədim. Halbuki haqqımda alçaldıcı ifadələr işlədənlərin qarşılığını onların öz tərzinə uyğun verə bilərdim, ancaq məqbul saymamışam. Lakin sözü elə işlətmişəm ki, sinəsindən girib kürəyindən çıxıb.

Öncələr sözün hökmündən qorxardıq. Fəqət, sözü ağlar günə qoymaqla yalan və uydurmalara, həqarət və riyalara nəfəs verdik. Sonu görünməyən düşmənçiliyin kökünü kəsmək üçün hər şeydən əvvəl sözümüzü dəyişməliyik.

Milli mədəniyyətimizə qayıtmalıyıq. İçimdə püskürən alov da buna bağlıdır. Azadlıq, demokratiya “cəfakeşlərinin”, bürokratiya aslanlarının hifz etdikləri azad söz anlayışı hər gün təmasda olduğumuz sosial şəbəkəni elə murdar vəziyyətə salıb ki, adam yaxın durmaq istəmir. İyrəncidir. Üfunət verir. Sosial şəbəkələrdə, eləcə də yazılı mətbuatda mərtəbəli söyüşlər adi hala çevrilib. Bəzi xarici-daxili internet TV-lər bu baxımdan daha eybəcər durumdadırlar. Hədd-hüdud tanımayan verilişlərlə içtimai fikrə çirkli və tərbiyəsiz davranış daşıyırlar.

Cəmiyyət əxlaqlı sözə möhtacdır. Söyüş mediasının və söyüş siyasətinin ilk qaranquşları və ilk müəllifləri elə toxum səpməyiblər ki, kökünü asanlıqla kəsə bilək. Zövq alardıq sözdən! Atalarımız boş yerə sözün qüdrətini təsdiqləyən bu fikri irəli sürməyiblər. Söz var dağa qaldırar, söz də var ki, dağdan endirər. Sözün qədir-qiymətini qorumaq ilk növbədə ziyalı kəsimin ən müqəddəs vəzifəsidir.

Söz mədəniyyət, təlim-tərbiyə, elm, tarix deməkdir. Nəhəng dünya ədəbiyyatı sözə borcludur. Sözün dahiləri sözə sədaqətli olduqlarından böyük əsərlər yarada biliblər. Söz dünyaya gəvəzəlik, tərbiyəsizlik üçün gəlməyib. Söz fikrin və idrakın kamilliyinin əvəzsiz göstəricisidir. Böyük Mövlanədən bir iqtibas gətirəcəyəm, görün sözün gözəlliyi nələrə qadirdir. Mövlanə deyir: “Mən dostlarımı nə qəlbimə, nə də ağlımla sevməm. Olur ya qəlb durur, ya ağıl unudur. Mən dostlarımı ruhumla sevərim”. Füsunkardır, deyilmi?

Bəli, söz müdrikcəsinə səslənəndə gözəl görünür. Uğurlu siyasət də, parlaq politoloji təfəkkür və ictimai-sosial münasibətlərdəki ən müxtəlif yanaşmalar da sözlə əxlaqi davrandıqda daha təsirli nəticəsini bəxş edir. Söz ağızdan çıxana qədər səninkidir. Odur ki, sözün məsuliyyətini onu ictimailəşdirənə qədər saf-çürük etməliyik.

Söz qədər həm də qorxunc, dəhşətli və dağıdıcı silahı təsəvvürə gətirməyə çətinlik çəkirəm. Sözlə evlər tikilib, sözlə xanimanlar, dəbdəbəli saraylar yerlə-yeksan olub… Sözü urvatdan saldıqca özümüz də alçalırıq. Bəlkə bunlar mənim xəyali düşüncələrimdi. Lakin bir yanlışlığımı da görmürəm. Sözü öldürməyimizi necə inkar edə bilərik!? Mən sözdən danışıram. Ana-bacı, arvad-uşaq, qız-gəlin söyüşlərindən danışmıram. Söyüş qanımıza qədər işləyib.

Məmləkətdə heç kimin sözü heç kimə xoş gəlmir. Sözün işığını söndürmüşük. Manqurtlaşmış, beyinsiz adamların məkrləri altında inildəyən sözü xilas etməyin namus və əxlaq borcu olduğunu dərk etməyincə söyüş və təhqir həyatımıza zəhər qatmaqdan əl çəkməyəcəkdir.

Nəhayət, sözünü satan “ziyalıdan” olmasa yaxşıdır. Sözünü satan həm də özünü satır. Çünki satınalma bazarında şərtlər və qaydalar bu cür qurulub. Köhnə bazara təzə nırxı istəsən belə gətirə bilməzsən…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*