Cənubi Koreya ilin sonuna qədər it ətinin istehlakını qadağan edən qanun qəbul etmək qərarına gəlib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu qərar cümə günü hakim Xalq Gücü Partiyasının iclasında qəbul edilib.
Qanun layihəsində 2027-ci ildən it ətinin kəsilməsi və satışının tamamilə qadağan edilməsi nəzərdə tutulur.
Millət vəkili Yoo Eui-dong deyib: “Cəmiyyətimizdə ev heyvanlarına artan rəğbəti və beynəlxalq aləmdə heyvan hüquqlarının mövcudluğunu nəzərə alaraq it ətinin istehlakına son qoymağın vaxtıdır”.
Lakin it əti sənayesində çalışan bir qrup şəxs parlament qarşısında nümayiş keçirərək, hökumətin və deputatların qərarlarını dolanışıqları üçün təhlükə kimi dəyərləndirib.
Bu arada hökumət maliyyə stimulları təklif etməklə sənaye işçilərini iş yerlərini və ya bizneslərini dəyişməyi təşviq edir.
Cənubi Koreyanın müxalifətdə olan ikinci ən böyük siyasi təşkilatı Demokratik Partiya da qanunun qəbul edilməsinin tərəfdarıdır. Hələ sentyabr ayında onun nümayəndələri qadağanla razılaşdıqlarını bildiriblər.
Qeyd edək ki, Cənubi Koreyada it ətinin qadağan edilməsi ideyası bir neçə ildir müzakirə olunur. Ənənəvi baxışları olan bəzi insanlar it ətinin Koreya mətbəxinin ayrılmaz hissəsi olduğunu vurğulayaraq bunun əleyhinədirlər.
Son illərdə Koreyada gənclər it ətinin istehlakından getdikcə daha çox imtina edir və onları ev heyvanı kimi saxlayırlar. 2022-ci ildə edilən bir araşdırmada it əti yeyən 20 yaşlarında olan koreyalıların yarısından çoxu valideynlər və ya yaşlı iş yoldaşları tərəfindən təzyiqə məruz qaldıqlarını bildiriblər.
Statistikaya görə, ölkədə 1150-yə yaxın it ferması, 34 ət emalı zavodu, 219 distribütor və it ətindən hazırlanmış məhsulların satıldığı 1600-ə yaxın restoran var.
Rəsmiyyə Şərifova,
KONKRET.az