İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bir neçə cəbhədə uzanan müharibə fonunda orduda intizamın zəiflədiyini bildirib və hərbçilərin qeyri-etik davranışlarını kəskin tənqid edib.
KONKRET.az xəbər verir ki, Ali komandanlıq qarşısında çıxış edən Zamir vurğulayıb ki, çətin şəraitə baxmayaraq, qaydaların pozulması qəbuledilməzdir.
Onun sözlərinə görə, baş verən insidentlər uzunmüddətli gərginliyin nəticəsi olsa da, bu, heç bir halda bəraət sayıla bilməz və ordu öz dəyərlərindən geri çəkilməməlidir.
Zamir həmçinin İsrail hərbçilərinin Livanın cənubunda talançılıq etməsi ilə bağlı xəbərlərə münasibət bildirərək qeyd edib ki, belə hallar ordunun nüfuzuna ciddi zərbə vurur və onu rüsvay edir.
O əlavə edib ki, faktlar təsdiqlənərsə, məsələ ilə bağlı araşdırma aparılacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
