Aprelin 25-də Vaşinqtonda baş tutan şam yeməyində atışma səslərindən sonra siyasətçilər və media nümayəndələri masaların altında gizlənməyə çalışarkən qonaqlar arasından bir nəfər əyləşərək salat yeməyə davam edib. Oxu.Az-ın xəbərinə görə, sözügedən hadisə ilə bağlı “Daily Mail” nəşri məlumat paylaşıb.
KONKRET.az xəbər verir ki, sosial şəbəkədə qısa müddətdə populyarlaşan kadrlarda Gizli Xidmət əməkdaşlarının ölkə başçısını və digər rəsmiləri ərazidən uzaqlaşdırmasına baxmayaraq, bir nəfərin tövrünü pozmadığı müşahidə olunub. Sonradan aydınlaşıb ki, bu şəxs tanınmış kreativ agentliyinin nümayəndəsi Maykl Qlantzdır. O, yaranmış vəziyyətdən qətiyyən qorxmadığını bildirib.
“Mənim əslim Nyu-York şəhərindəndir, orada daim sirenlər və səs-küy içindəyik, buna görə də hadisə məni çox da təşvişə salmadı”, – deyə o, vəziyyəti aydınlaşdırıb.
Eyni zamanda, dediyini görə, bel nahiyəsindəki ağrılar, yerə əyilməkdə çətinlik çəkməsi və döşəməni xoşlamaması kimi amillər də rol oynasa da, əsas səbəb məhz qida olub. Maykl Qlantzın bildirdiyinə görə, yediyi salatın içərisində xüsusilə bəyəndiyi burrata pendiri varmış.
Xatırladaq ki, şənbə günü “Vaşinqton Hilton” hotelində Donald Trampın da iştirak etdiyi şam yeməyi zamanı silahlı insident qeydə alınıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin Kaliforniyadan olan 31 yaşlı müəllim Koul Allen olduğu təsdiqlənib. Saxlanıldıqdan dərhal sonra o, polisə Tramp administrasiyası nümayəndələrini hədəf almaq istədiyini söyləyib. Hadisə zamanı xəsarət alan olmayıb və atəş açan şəxs qısa zamanda zərərsizləşdirilib.
