Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı Cənubi Qafqazda sülhün və əmin-amanlığın ortaq qarantına çevirdi; Bundan sonra regionda hərbi-siyasi güc göstərmək istəyənlər artıq daha ciddi, həm də bir neçə dəfə düşünməli olacaqlar…
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada görüşdülər. Bu, yalnız Cənubi Qafqaz regionuna deyil, bütün dünyaya siyasi mesaj xarakteri daşıyır. Və bu mesajda regionun gələcək taleyi ilə bağlı olduqca önəmli geopolitik şifrələr mövcuddur.
Əvvəlcə onu qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu dəfəki səfəri qeyri-adi beynəlxalq məzmun daşıyır. Həm Türkiyədə, həm də Azərbaycanda bu səfərə olduqca həssas yanaşıldığı günlər öncədən məlum idi. Prezident R.T.Ərdoğan səfərdən hələ xeyli əvvəl bu barədə özünün bütün açıqlamalarında xüsusi anonslar edirdi. Bütün diqqətləri bu səfərin üzərində indeksləşdirirdi. Və onun bu davranışının Şuşa səfərinə strateji siyasi əhəmiyyət verildiyini göstərirdi.
Maraqlıdır ki, Türkiyə prezidenti Şuşa səfərinə məhz iştirak etdiyi NATO sammitində başladı. Həmin sammitdə ABŞ prezidenti Co Bayden ilə görüşdü. Ardınca mətbuat konfransına çıxdı, Ağ Ev sahibi Co Bayden ilə görüşün nəticələri ilə bağlı danışdı. Ancaq mətbuat konfransını böyük siyasi ustalıqla Şuşa səfərinə bağladı: “İndi sırada buradan Azərbaycana səfər var”.
Türkiyə prezidenti bu açıqlama ilə Azərbaycanın rəsmi Ankara üçün önəminin NATO ilə bərabər olduğunu bəyan etmiş oldu. Türkiyə prezidentinin Azərbaycan səfiri birbaşa Brüsseldən başlasa da, rəsmi qarşılanma mərasimi Bakıda olmadı. Bu dəfə Türkiyə prezidenti üçün məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qarşılaşma mərasimi təşkil olundu. Və bu, hələ də “xəyallar aləmi”ndə olanlara, onların ənənəvi himayədarlarına yekun xəbərdarlıq xarakteri daşıyır.
Bundan sonra hər kəs öz yerini, öz cizgisini biləcək. “Xəyallar”dan ayılıb, reallıqla barışacaq. Barışmaq istəməsə, onda nəticələrinə də hazır olacaq. Çünki həmin “xəyallar”ın onları hansı vəziyyətə saldığını özləri hamıdan yaxşı bilirlər.
Məsələn, ötən il Şuşaya Ermənistanın baş naziri Nikol Paşinyan da səfər etmişdi. Ancaq onun bu şəhərdən xatırlaya biləcəyi yalnız hələ də ağır nəticələri altında əzildiyi Cıdır düzündə getdiyi yallı olacaq. Çünki Azərbaycan ordusu erməni baş nazir başda olmaqla, yallı gedənləri də onların terrorçu silahlı dəstələrini də qabağına qatıb, Şuşadan və bütün Qarabağdan qovdu.
İndi Azərbaycanın tarixi şəhəri və mədəniyyət mərkəzi olan Şuşada iki Türk dövlətinin liderləri bütün dünyaya ortaq mesaj, hətta gözdağı verdi. Azərbaycan və Türkiyə Müttəfiqliyi barədə Şuşa Bəyannaməsi imzalandı. Bu, həm də bütün Cənubi Qafqaz regionunun gələcək taleyini həll edəcək bir önəmli sənəddir.
Buna əmin olmaq üçün Şuşa Bəyannaməsinin sadəcə, iki xüsusi bəndinə diqqət yetirmək tamamilə kifayətdir. Həmin bəndlərdən birində Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq, eyni zamanda qarşılıqlı hərbi dəstək nəzərdə tutulur. Bu, o deməkdir ki, Azərbaycan və Türkiyə artıq həm də hərbi müttəfiqdirlər.
Şuşa Bəyannaməsinə qədər bu iki qardaş ölkə strateji tərəfdaşlıq münasibətləri üzrə hərəkət edirdilər. İndisə, qarşılıqlı öhdəliklərlə hərbi müttəfiqliyi rəsmiləşdirmiş oldular.
Düzdür, bu, dünyada bəzi beynəlxalq güclərin xoşuna gəlməyəcək. Xüsusilə də, Cənubi Qafqazda özəl maraqları olan superdövlətlər bundan məmnun qalmayacaqlar. Və bu müttəfiqliyi öz maraqlarına ciddi əngəl kimi qəbul edəcəklər.
Ancaq artıq həmin dövlətlərin və beynəlxalq güclərin narahatlığı, əndişısi qətiyyən əhəmiyyət daşımır. Çünki, Türkiyə və Azərbaycan hazırda həm regional, həm də qlobal anlamda real hərbi-siyasi iradə sahibidirlər. Bu iki qardaş ölkənin müttəfiqliyi isə qüvvələr nisbətini ümumiyyətlə, Azərbaycan-Türkiyə birliyinin xeyrinə dəyişmiş oldu.
Bundan sonra Cənubi Qafqazın taleyi məhz Azərbaycan-Türkiyə müttəfiqliyinə sərfəli şərtlərə bağlı olacaq. Bu regionda olan dövlətlər və bölgədə maraqları olan kənar güclər üçün bu müttəfiqlik yeganə cazibə mərkəzinə çevriləcək. Bütün məsələlər məhz bu müttəfiqliyin diqtəsi altında həll olunacaq.
Şuşa Bəyannaməsində yer alan digər önəmli məqam da məhz bunu birmənalı şəkildə təsdiqləyir. Belə ki, sənəddə Azərbaycan və Türkiyəni birləşdirəcək avtomobil və dəmir yolu xəttinin inşası nəzərdə tutulur. Məhz bu məsələ regionun gələcək taleyinin və bölgədə yekun qərar qəbul etmək hüququnun kimin əlində olduğunu göstərir.
Məsələ ondadır ki, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi ilə bağlı layihənin reallaşdırılmasında ortaq siyasi iradəni rəsmən bəyan etdilər. Üstəlik, bunun üçün heç kimin, hətta Ermənistanın belə, mövqeyini soruşmağa ehtiyac duymadılar. Yəni, Ermənistanın bölgədə hətta öz ərazisi ilə bağlı belə, hər hansı ciddi qərar verə bilməyəcək səviyyədə əhəmiyyətsiz dövlətə çevrildiyini bütün dünyaya tirajladılar.
Bu məsələyə münasibət bildirərkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə, Zəngəzur dəhlizinin bütün dünyanın marağında olduğuna eyham vurdu. Bu dəhlizin Qərblə Şərqi birləşdirəcək iqtisadi-ticari və nəqliyyat-kommunikasiya marşrutu olacağını vurğuladı. Sözarası isə bir cümlə ilə Ermənistanın strateji müttəfiqi olan Rusiyanın da regionun inkişafına yönəlik layihələrə dəstək verdiyini qeyd etdi.
Böyük ehtimalla bütün bunlarla da məhz bir çoxları üçün bu regionda bir çox şeylər tamamilə bitmiş oldu. Hər kəs bundan sonra yeni regional şərtlərlə hesablaşmalı olacaq. Və bu baxımdan, Şuşa Bəyannaməsini Cənubi Qafqaz üçün həm də yeni düzən, yeni qaydalar sənədi də hesab oluna bilər.
Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı Cənubi Qafqazda sülhün və əmin-amanlığın ortaq qarantına çevirdi. Bundan sonra bu regionda hərbi-siyasi güc nümayiş etdirmək istəyənlər artıq daha ciddi, həm də bir neçə dəfə düşünməli olacaq. Və Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya “İsgəndər M” raketi atıldığını növbəti dəfə xatırlatması da üstüörtülü mesaj xarakteri daşıyır.
Əlbəttə, Şuşa Bəyannaməsinin əhəmiyyəti və onun daha geniş təhlili bundan sonra əsas gündəm mövzuları arasında yer alacaq. Hələlik isə yalnız onu qeyd etmək olar ki, Cənubi Qafqazın gələcək taleyi məhz Şuşada Azərbaycan və Türkiyə lideri tərəfindən birdəfəlik möhürləndi. İndi kimin “İsgəndər M” raketi varsa, qoltuğuna vurub, təkrar gəlsin. Amma heç kim unutmasın ki, bu regionda “Kefli İsgəndər”lərin dövrü artıq sona çatdı.
Elçin XALİDBƏYLİ
