Aprelin sonunda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Vaşinqtondakı evinə naməlum şəxs girib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 03:00-da baş verib.
Qeyd olunub ki, Sallivan sərxoş vəziyyətdə olan kişi ilə üz-üzə gəlib və ona getməsini deyib.
Qəzetin yazdığına görə, ökənin birinci şəxslərinin təhlükəsizliyinə cavabdeh olan və evdə gecə-gündüz keşik çəkən ABŞ Məxfi Xidmətinin əməkdaşları içəri girən şəxsi görməyib.
Onlar baş verənləri adam evdən gedəndən sonra Sallivandan öyrəniblər.
“Mühafizə olunan şəxs xəsarət almasa da, biz vəziyyəti çox ciddi qəbul edirik və baş verənlərin bütün təfərrüatlarını öyrənmək üçün hərtərəfli araşdırmaya başlamışıq”, – deyə ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Qulelmi bildirib.
Nəşr qeyd edib ki, Məxfi Xidmət həmin adamı vaxtında görməli və onu saxlamalı idi.
İqbal Rzayev,
KONKRET.az
