Ukrayna və Hollandiya təhlükəsizlik və Ukraynaya uzunmüddətli dəstək sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayıb.
KONKRET.az xəbər verir ki, “Azadlıq” radiosunun məlumatına görə, protokolu Xarkovda Ukrayna prezidenti Volodimir Zelenski və Hollandiyanın baş naziri Mark Rutte imzalayıb.
Volodimir Zelenskinin sözlərinə görə, saziş çərçivəsində Ukrayna bu il Hollandiyadan iki milyard avro məbləğində hərbi yardım alacaq. Bundan əlavə, Hollandiya növbəti 10 il ərzində Ukraynaya dəstək verəcək. Hava qüvvələri, hava hücumundan müdafiə, dəniz donanması və uzaqmənzilli artilleriya qüvvələrinin dəstəklənməsinə xüsusi diqqət yetiriləcək. Hollandiya həmçinin Rusiyaya qarşı sanksiyalara əməl etmək və Ukraynanın NATO-ya sonda daxil olmasını dəstəkləmək öhdəliyi götürüb.
Bu, Ukraynanın müttəfiq ölkələrlə bağladığı yeddinci ikitərəfli müdafiə əməkdaşlığı sazişidir. Əvvəllər onunla oxşar sazişləri Böyük Britaniya, Almaniya, Fransa, Danimarka, İtaliya və Kanada imzalayıb. Beynəlxalq medianın qeyd etdiyi kimi, Kiyevlə tərəfdaş ölkələr arasında ikitərəfli sazişlərin imzalanması Ukraynanın NATO-ya daxil olmasını sürətləndirə bilər.
Burhan,
KONKRET.az
