“Dır-dir-dur” AZƏRBAYCANCA DANIŞ! – Çilik-çilik olmuş dilçilikbackend

"Dır-dir-dur" AZƏRBAYCANCA DANIŞ! - Çilik-çilik olmuş dilçilik

Qəzet redaksiyalarından birinin işçisi yazmaq istədiyi sözü redaktora bildirdi. Dediyi söz ədəbi dilimizdən o qədər uzaq idi ki, hətta yadımda qalmadı. Redaktor azacıq fikrə getdikdə, müxbir söylədi ki, nənəsindən eşidib və onlarda belə deyirlər.

– Deyirlərsə, yaz, – sözlərilə redaktor növbəti pozuntuya halallıq verdi.

…İllər uzunu eşitmişdik ki, düzgün tələffüz qaydalarını öyrənmək istəyən – radionu dinləsin: diktorların nitqi nümunədir. İndi isə radio və televiziyada ləhcələr sərgisini müşahidə edirik.

Ekran yazılarında geyimlərin hansı firmadan olduğu göstərilir, ləhcələrin firmenniliyi isə diktor, aparıcı, yaxud studiyanın qonağı ağzını açan kimi bilinir.

Ən yüksək pilləli siyasi xadimlər, alimlər, incəsənət adamları dilçilik məkanında əsl özbaşınalıq edirlər.

Efirdə bölgə ləhcələrinin nümayişi keçirilir.

Səslənən cümlələrin başı ilə ayağını tapmaq olmur. Bir fikirlə başlanan ifadə başqa fikirlə bitir, yaxud …yarımçıq qalır.

Sözlə işləyənlər (bunlara isə danışan və yazan adamların hamısı aiddir) dil qaydalarından sanki tamamilə bixəbərdirlər.

İsimlər doğma kənddəki Fatma nənənin dilindən götürülüb. Sifət də – onun sifətidir.

Felin gələcək zamanı yaradılarkən “-dır” (“-dir”, “-dur”, “-dür”), hətta keçmiş zaman şəkilçiləri – “-dı”, (“-di”, “-du”, “-dü”) işlədilir. Məsələn, “başlayacaq”, “güləcək”, “edəcək” sözlərilə kiminsə nə isə məhz gələcəkdə edəcəyi müxtəsər şəkildə bildirilir və buraya “-dır”ları əlavə etmək artıqdır. Amma artırırlar…

Həmçinin, kütləvi surətdə “gəlibdir”, “veribdir”, “edibdir” kimi səhv şəkillərdən istifadə edilir. Üstəlik, həmin sözlərdəki “b” səsi əvəzinə xüsusi ləzzətlə “p” tələffüz olunur…

…Yuxarıda çəkilən misallar medianın deyil, cəmiyyətin bəlasıdır. Milli əhəmiyyətli məsələdir. Bu pozuntular bizi nizamlı, məntiqli, eşidimli milli dildən – ana dilimizdən məhrum edir.

Dildəki özbaşınalıqlara qarşı mübarizədə dil qaydalarının düzgün müəyyənləşdirilməsi, onların təhsil ocaqları, mətbuat, radio və televiziya tərəfindən, millətin əsl öncüllərinin kütləvi çıxışları vasitəsilə təbliği vacibdir.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” peşəsi sözlə işləmək olan və özünə hörmət bəsləyən hər kəsin masaüstü kitabıdır. Dövlət bir zaman orfoqrafiya qaydalarına xüsusi diqqət yetirib. Lüğətin hələ də əllərdə gəzən nəşri Azərbaycan SSR Nazirlər Sovetinin 24 iyun 1958-ci il və 6 aprel 1959-cu il tarixli qərarları ilə təsdiq olunmuş “Azərbaycan dilinin orfoqrafiya qaydaları”na uyğun tərtib edilib.

İlk vaxtlar ələkeçməz olmuş, lakin artıq satışda tapılan yeni lüğət Azərbaycanın dilçi alimlərinin, elmlər akademiyasının bu sahədə 46 illik fəaliyyətsizliyinin isbatına çevrildi. Orfoqrafiya lügəti onun müəlliflərinin dilin həyatında baş verən işləri, vəziyyətin milli mədəniyyət üçün təhlükəli olduğunu anlamadıqlarını nümayiş etdirir. Yaxud, onların müasir təbirincə desək, «sərgiləndirir»: yeni lüğət əvvəlkinə təkcə 18 minə yaxın söz deyil, həmçinin yeni qüsur və naqisliklər də daxil edilməklə yaradılıb. Lüğət sovet dövrünün səciyyəvi söz və xüsusi terminlər toplusundan istifadə olunmaqla meydana gəlib. Halbuki, müstəqillik illəri ərzində dilçilik institutunun mütəxəssisləri maaş cədvəlindən başqa dəyərli elmi araşdırmalara da imza qoya bilərdilər…

Müstəmləkə buxovundan qurtulmuş Azərbaycanda yeni, amma düşünülmüş orfoqrafiyaya və izahlı lüğətlərə ehtiyac var. Bu lüğətlər dilin saflaşmasına, nizamlanmasına, quruluşunun möhkəmlənməsinə, məna tutumunun zənginləşməsinə xidmət etməlidir.

√ İlk növbədə, müstəmləkəçinin iki əsrə yaxın müddətdə və hələ də dilimizə göstərdiyi mənfi təsir dairəsindən çıxmaq lazımdır. Bundan ötrü rus sözləri və o dildən gəlmələr bütün mümkün hallarda türk mənşəli sözlərlə əvəz edilməlidir. Həmçinin, 80 milyon nəfər əhalili Türkiyədə işlənən Avropa mənşəli sözlər də rus sözlərindən faydalı olar: onları ana dili çərçivəsində öyrənən balalarımız eyni zamanda lazımi xarici lüğət ehtiyatına yiyələnərlər.

√ İkincisi, xarici insan, cisim və məkan adlarının rus dilindən götürülmüş səhv yazılışından və tələffüzündən birdəfəlik yaxa qurtarmaq gərəkdir.

√ Xarici dillərdə, xüsusən rus dilində, sözlərin yazılışı ilə tələffüzü çox fərqlidir. Dilimiz rus əsarəti altında olduğu vaxt Azərbaycan dili qaydalarının ziddinə, məsələn, “montyor” yazıb, “mantyor” deyirdik. Bu qayda pozuntusu indiyədək davam edir və belə sözlər külli miqdardadır. Şübhəsiz, yazı ilə oxu arasındakı ikisimalığı mütləq aradan götürmək vacibdir.

√ Bundan başqa, əvvəllər siyasi və s. səbəblərə görə kənarda qalmış işlək söz və ifadələr yeni lüğətlərə əlavə edilməlidir.

√ Həmçinin, yeni dövrün sözlüyü, o cümlədən bir çox texniki, iqtisadi, siyasi terminlər lüğətdə öz əksini tapmalıdır.

√ Eyni mənanı verən və hər hansı bölgəyə məxsus səhv tələffüzdən, yaxud hansısa yazıçının əsərdə işlətməsi səbəbindən doğan müxtəliflik rədd edilməlidir. Əgər hörmətli yazıçı mətndə, məsələn, “çəlik” əvəzinə “çilik” işlədibsə, bu, iki sözü də Azərbaycan dili lüğətinə salmağa ixtiyar vermir. Əsərin nəşri zamanı müvafiq səhifələrdə “müəllif lüğəti”ni dərc etmək, bununla da yazıçının fikrinə aydınlıq gətirmək kifayətdir.

√ Hazırda dilimizdə məntiq etibarı ilə səhv anlayışlar və onları ifadə edən sözlər var. Dilimizin canını belələrindən də qurtarmalıyıq.

* * *

Dilimizi çilik-çilik edən dilçiliyə son qoyulmalıdır!

Dil – bilik xəzinələrinə açarımızdır.

Dil – fikir toqquşmalarında silahımızdır.

Dil – gələcəyə kimliyimizi göstərəcək təqdimat vərəqəmizdir.

Dilin möhkəm məntiqi quruluşu, geniş məna tutumu, həzin tələffüz axarlığı, bir sözlə – bütün səciyyəvi gözəllikləri olmalıdır. Bu – milli sərvətimizdir!

Dilin adı Vətənimizlə (“Azərbaycan dili”) və Anamızla (“ana dili”) bağlıdır. Dilə hörmətsizlik – onlara hörmətsizlikdir!

Dilimiz həm də şüurumuzun güzgüsüdür. Hər kəsin və hər millətin nəinki bilik dəryası, həmçinin düşüncə tərzi, həyatı anlamaq, dünyanı qavramaq qabiliyyəti, mədəni səviyyəsi, fərdi və milli ruhu dilində əks olunur. Bu, tarix boyu belə olub və olacaq! “Olupdu” və “olacaxdır” – yox!

A.ƏZİZ,

KONKRET.az

  • Günel Əhmədova
    Sentyabr 4, 2020 - 11:57

    Əziz və hörmətli müəllif, bu mövzu o qədər geniş mövzudur ki, hətta siz bəlkə də düşündüklərinizin 1/100 qismini yazmısız. Bəli, Dil hər bir ölkənin, millətin milli dəyəri və sərvətidir. Məhz, tarix boyu da istilaçı müharibələr zamanı hər hansı bir ölkəni işğal edərkən onun dilini, dinini, mədəniyyətini ya istismar edib, ya da tamamilə yox etməyə çalışıblar. Çünki bunlar olmadan həmin ölkənin mövcudluğundan da bəhs etmək düzgün olmazdı. Bizim öz dilimizə gəlincə isə, “Kütləvi Mediya” nümayəndələrinin bir qismi dəyərli sərvətimizin nəinki məqsədyönlü istifadəsinə, eləcə də onun gələcək nəsil üçün qorunub saxlanılmasına şərait yaratmaq istəmirlər. Getdikcə də dilimiz həqiqətən də ” çilik-çilik”, parçalanmış və ya ölü bir dilə çevrilə bilər. Bunun qarşısını almaq üçün isə bizlər gənc nəslə örnək olub, onların orfoqrafik lüğətdən geniş istifadə etməsinə, eləcə də körpə uşaqların dil açmağa başlayan andan elə öz doğma Azərbaycan dilini onlara mənimsətmək, televiziya ekranlarında göstərilən digər dillərdə verilmiş cizgi filmlərində istifadə olunan sözlərdən danışıqlarında mümkün qədər məqsədyönlü istifadə etmələrini aşılamaq lazımdır. Qısaca olaraq, milli sərvətimizi qoruyub yaşatmaq hər bir Azərbaycan vətəndaşının və eləcə də millətinin borcudur… Diqqətinizə görə minnətdaram…!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*