Ekoloji tarazlıq əvəzinə sosial narazılıq yaradanlar – ƏTRAFLIbackend

Ekoloji tarazlıq əvəzinə sosial narazılıq yaradanlar – ƏTRAFLI

Surxay Atakişiyev

Qəribə mənzərə yaranıb. Bəzi dövlət qurumları iş görmək əvəzinə özlərindən ideya icad edirlər. Xalqın və dövlətin başını boş-boş ideyalarla qatmağa çalışırlar. Guya ki,”düzəlib hər yarağımız, qalıb bir saqqal darağımız”. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz işindən, yəni ekoloji tarazlığın bərpasından və ətraf mühitin qorunmasından başqa hər nə ilə desən məşğuldur. Mərkəzi şəhərlərdə yaşıllıqlar məhv edilir, meşələr dağıdılır, çaylar quruyur, hava çirklənir. Lakin, nazirlik bütün bu dəhşətləri və cinayətləri görməzlikdən gəlir. Muxtar Babayev 4 ildir ki, nazir kürsüsündə oturub. Bu dörd ildə nazirlik dörd yaddaqalan layihə reallaşdırmayıb. Amma neçə-neçə ideya icad eləyib. Yadıma düşənlərdən bir-ikisini sadalayım. ETSN elan etmişdi ki, 2021-ci ilin 1 yanvar tarixində Azərbaycanda polietilen qablardan istifadə aradan qaldırılacaq. Amma deyilən tarixdən 1.4 il keçir və yenə də nazirliyin təşəbbüsü havadan asılı qalıb. Daha doğrusu yaddan çıxıb.

Bundan əlavə bu yaxınlarda nazirlik daha bir əcaib ideya ortaya atdı. Və qəribəsi budur ki, hökümət də həmin “ideya”nı dəstəklədi. Nazirlikdə oturanların qənaətincə ölkədə su qıtlığını yaradan əsas səbəb həyətlərdəki quyulardır. Yəni meşələrin məhv edilməsinin, məmurların və sahibkarların çaylardakı qum-çınqıl karxanalrının və villalarının həyətindəki saysız hesabsız hovuzların ekoloji tarazlığın pozulmasına və su qıtlığına heç bir dəxli yox imiş. Günahkar İmişlidəki Təvəkkül, Beyləqandakı Baloğlan, Yevlaxdakı Qardaşxan və digərləridir. Çünki, onlar həyətlərində quyu qazıb, çıxan şor sudan məişətdə bir təhər istifadə etməklə ölkənin təbii su ehtiyatına çox ciddi zərbə vururmuşlar. Nə qədər gülməli və acınacaqlı arqumentdir deyilmi?!

İndi də nazirlik durub deyir ki, fərdi istilik sistemləri mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəzlənməlidir. Çünki, fərdi istilik sistemi ekologiyaya güclü zərər vurur. Dövlət Ekoloji Ekspertiza Agentliyinin baş direktoru efirlərə çıxıb deyir ki, bu problemin həlli üçün nazilik hərəkətə keçib. Müvafiq dövlət qurumlarının qarşısında məsələ qaldırılıb ki, çoxmərtəbəli binalarda və fərdi mənzillərdə kombidən istifadənin qarşısı alınsın. Bu yerdə durub deyəsən ki, “nəynən alsın, a Cəbrayıl”.

Əslində nazirliyin bütün təşəbbüsləri və təklifləri kimi  fərdi istilik sisteminə qadağa qoyulması məsələsi də korporativ maraqdan irəli gəlir. Nazilik həyətlərdəki quyulara görə rusum alacaq. Eyni zamanda kombi sahiblərini də cərimələmək istəyir. Haqlı-haqsız. Burda milli maraqlardan heç bir söhbət gedə bilməz. Çünki, ekoloji tarazlığı və ətraf mühiti pozan kombi istifadəçiləri deyil. Onların bu işdə payı olsa-olsa 1-2 faizdir. Ekologiyamızın anasını ağladan nazirlərdir, icra başçılarıdır, sahibkarlardır. Meşələri qırıb villa tikən də, qiymətli ağacları kəsib mebel sexlərinə daşıyan da, çayların məcrasını dağıdan da, şəhərlərdəki yaşıllıqları  məhv edib yerində çoxmərtəbəli bina və yaxud restoran, şadlıq evi tikən də onlardır.

Amma neyləyəsən ki, şeytan göz qabağında olmasına baxmayaraq ETSN günahkarı kənarda axtarır. Və bu günahkarı da asanlıqla “tapır”. Günahkar ya çoban olur, ya da ki, hansısa kasıb. Çünki, məmurlar və sahibkarlar günahkar ola bilməz. Ona görə ki,  onlar lazım gələndə nazirliyin əməkdaşlarına dolya verir. Amma çobanlar, kasıblar nəinki dolya vermir, heç ETSN-i tanımır. Bu da nazirlikdə oturanların “çestinə” dəyir. Axı, udduğumuz havanın da, içdiyimiz suyun da, üstündə gəzdiyimiz torpağın da “kontrolyoru” ETSN-dir. Belə olan halda isə 10 milyon əhalinin hamısı bu nazirliyi tanımalı, onun qarşısında baş əyməli və arada-sırada orda işləyənlərin bığına yağ sürtməlidir. Yoxsa, bugün-sabah udduğumuz havaya da rüsum və cərimə tətbiq olunacaq.

Surxay Atakişiyev,

KONKRET.az

  • Omer
    May 13, 2022 - 13:45

    Beli tamamiile dogrudurki bu nazirlik ozunu ancaq nezaretci orqan kimi aparir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*