Əli Məhərrəmli: “Qara torbanı başıma keçirib “Kalaşnikov”u mənə tuşladı”backend

Əli Məhərrəmli: "Qara torbanı başıma keçirib "Kalaşnikov"u mənə tuşladı"

Əli Məhərrəmli

Məni görən hər kəs alnımdakı çapığın səbəbini soruşur. Deməli köhnə bir tanışım var ərəb ölkələrindən müxtəlif məhsullar gətirib satır. Bir gün mənə zəng vurdu ki, səninlə təcili işim var. Görüşəndə bildirdi ki, Livandan gətirdiyi malları Suriya-İraq sərhəddində gömrükdən buraxmayıblar. Əgər konteynerləri İrana, ordan da Biləsuvara keçirə bilsə qazancın bölə biləcəyini söylədi. Bizimlə ərəbcə bilən tərcüməçi də gedəsi oldu.
Maşını İranın Kirmanşah şəhərində qoyub, taksiylə İraqın Nəcəf, oradan da Suriyanın Abu-Kamal qəsəbəsinə gəldik. İranlı sürücü məsləhət bildi ki, gecələr yol getsək daha yaxşı olar, çünki günortalar nisbətən təhlükəlidir. Doğrusu qəsəbəyə çatanacan, bir-ik partlayış səsindən başqa ciddi döyüş və toqquşmanın şahidi olmadıq. Sərhəd buraxılış məntəqəsində bizi hərbi geyimdə olan şəxslər qarşıladı. Əvvəlcə özlərini gömrük işçiləri kimi təqdim edib, sövdələşmə aparsalar da, sonradan məlum oldu ki, sərhəddəki bütün konteynerlər qarət edilib, hamısının içərisi boşdur. Ümumiyyətlə orada gömrük yox idi.
Bizi gətirən taksi yanacaq doldurmağa getsə də, qayıtmadı. Axşama yaxın içərisində 3 nəfər silahlı şəxs olan qara pikap dayandı və qısqıraraq bizdən kuzaya minməyi tələb elədilər. Başqa çarəmiz yox idi. Yanımızda oturan 20-25 yaşlarında, uzun saqqallı cavan oğlan cibindən çıxardığı 3 qara torbanı üstümüzə atıb əlindəki “Kalaşnikov”u bizə tuşladı və qışqırmağa başladı. Tərcüməçi dedi ki, bunları başımıza keçirməyimizi istəyir. Bərk qorxmuşduq. Müqavimət göstərmək mənasız idi. Üçümüz də torbaları başımıza keçirdik. Üstündə qan ləkəsi və güllə dəlikləri olan qan qoxusu verən torbadan ancaq yanımızda oturan ərəbin ayaqlarını görə bilirdim. Maşın təxminən 20 dəqiqə yol getdikdən sonra çöllükdə saxladı. Bizi düşürdülər, əllərimizi arxadan bağlayıb diz üstə qoydular. Bu arada ərəblərdən birinin dostumuzdan nə isə soruşduğunu, onun da yalvarırcasına bir tonda cavab verdiyini eşidirdim. Hiss elədim ki, kimsə ciblərimi eşələyir. Pul qabımı, telefonu və sənədləri götürdü. Bir müddət səssizlikdən sonra avtomatın “zatvorun”un şaqqıltısını və ardınca bir neçə atəş səsi eşitdim. Alnıma avtomatın qundağı ilə bərk zərbə dəydi. Huşumu itirmişdim. Ayılanda hiss elədim ki, başımdan axan qan quruyub və torba üzümə yapışıb. Telefon zənginin səsi gəlirdi. Əllərim bağlı olduğu üçün üzümü aça bilmirdim, yerdə qıvrılırdım. Bu zaman “budilnikin” səsinə oyandım ki, saat 8-ə qalıb, işə gecikirəm. Tələm-tələsik yerimdən qalxanda ayağım büdrədi, yıxıldım. Alnım qapının tutacağına dəyib yarıldı. Yəni qapıya dəyib.))

PS: Evdə üzümü yenib mağazaya göndərə bilmirlər, Suriyada Remboluq edəsi deyiləm ki?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*