“Ermənistan birtərəfli güzəştlərə gedir, bu, sülh gətirməyəcək” – Arman Qukasyanbackend

“Ermənistan birtərəfli güzəştlərə gedir, bu, sülh gətirməyəcək” - Arman Qukasyan

“Ermənistanda kifayət qədər anlaşılmaz, müəyyən mənada manipulyasiya xarakterli proseslər yaşanır: hakimiyyət danışan və problem qaldıran hər kəsi müharibə istəyən və sülh istəməyən kimi damğalayır. Təbii ki, hamının sülh istədiyi aydındır, amma sual olunur ki, beynəlxalq təminat varmı?”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərlə görüşündə politoloq Arman Qukasyan deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya prosesinə başlamaq qərarına gəliblər, lakin əslində bu proses Ermənistan tərəfinin birtərəfli güzəştlərindən başqa bir şey deyil və Azərbaycanın ümumi razılaşmaları yerinə yetirəcəyinə heç bir təminat yoxdur.

“Bu hakimiyyət Rusiyadan narazı idi, ona görə də Moskvanın vasitəçiliyindən imtina etdi. Lakin mən bu prosesdə Qərb vasitəçiliyinin olduğunu görmürəm. Yəni proseslərdə heç bir beynəlxalq təminat yoxdur və bəlli deyil ki, Ermənistan hakimiyyəti Bakının öz razılaşmalarını yerinə yetirəcəyinə, delimitasiya və demarkasiyanın baş tutacağına, sülhün hökm sürəcəyinə niyə belə arxayındır? Amma bu, çox şübhəli prosesdir və beynəlxalq təminat olmadığı halda Azərbaycan tərəfinin ənənəvi hərəkətlərini nəzərə alsaq, bu, qətiyyən etimad yaratmır”.

Qukasyan qeyd edib ki, dünyada qlobal dəyişikliklər baş verir, geosiyasi proseslər çərçivəsində beynəlxalq yollar və kommunikasiyalar əhəmiyyətsizləşir. Əksinə, Şimal-Cənub yolu qlobal əhəmiyyət kəsb etməyə başlayır. Xəzər dənizi və ümumilikdə Cənubi Qafqaz bu mənada maraq doğurur. O vurğulayıb ki, Ermənistan bunda öz maraqlarını axtarmalı, onu mümkün qədər təbliğ etməli və qorumağı bacarmalıdır. Qərb Ermənistanın hesabına öz maraqlarını təbliğ etməyə cəhd etməməlidir.

“Mən görürəm ki, Türkiyə və Azərbaycan, eləcə də bəzi dövlətlər və xarici qüvvələr öz problemlərini Ermənistanın maraqları hesabına həll etməyə çalışırlar. Əgər delimitasiya və demarkasiya proseslərindən danışırıqsa, o zaman proses hər iki tərəfdən başlamalı idi, amma indiyə qədər birtərəfli prosesi görürük. Bu da pis nümunədir ki, proses bizim hesabımıza baş verir və bunun niyə güzgü üsulu ilə aparılmadığı aydın deyil”, – deyə o qeyd edib.

Ermənistan-Rusiya münasibətlərinə gəlincə, Arman Qukasyan qeyd edib ki, Nikol hakimiyyəti siyasi yolda problemlər yaradıb. Buna baxmayaraq, Paşinyan iqtisadi tərəfin faydalarını mükəmməl başa düşür və bu gün Rusiya bazarında, eləcə də Aİİ-də, həqiqətən, heç bir problem yoxdur.

“Biz görürük ki, Ermənistan tərəfi Aİİ ilə bağlı sammitlərdə və digər görüşlərdə iştirak edir və ən təəccüblüsü odur ki, hökumət rəsmiləri iqtisadi və siyasi sahəni bir-birindən ayırır. Bu, kökündən yanlışdır, məsələn, Ermənistan KTMT-dən çıxmayıb. Bu, yaxın perspektivdə baş verməyəcək. İrəvan çox təhlükəli kurs seçib: siyasətdən imtina etməklə iqtisadiyyatı xilas etmək mümkün deyil”.

Qukasyan fikrini belə davam etdirib: “Bu gün Ermənistanın siyasi və ekspert sahəsində çox qütbləşmiş vəziyyət yaranıb. Ermənistan-Rusiya münasibətlərində heç bir problem olmadığını, bunun süni olduğunu deyən dairələr də var, əksinə, hər şeydə Rusiyanı günahlandıran dairələr də var.

Hesab edirəm ki, Ermənistanla Rusiya arasında münasibətlərdə problemlər təkcə erməni tərəfinin yanlış oriyentasiyası və yanlış siyasəti səbəbindən deyil, həm də dəyişən geosiyasi və regional reallıqları nəzərə alan təbii problemlər üzündən yaranıb. Bu mənada, təbii ki, üzərində işləmək lazım olan bir şey var: dialoq olmalıdır, bu məsələlərin qaldırılması ilə bağlı aydın və şəffaf dialoq olmalıdır ki, aktual məsələlər və onların həlli yolları aydın olsun. Təəssüf ki, mən Ermənistan tərəfində belə istək görmürəm, amma yenə deyirəm, regionda Rusiya Federasiyasının maraqları dəyişdiyi üçün belə sualların yaranması təbiidir. Rusiyanın bölgədən nə istədiyini başa düşməliyik, Ermənistan-Rusiya münasibətlərinin yeni mərhələyə keçdiyini anlamalı və bunun bizə nə verə biləcəyini hesablamalıyıq. Amma yumşaq desək, hələ ki dialoq yoxdur”.

Politoloq qeyd edib ki, Rusiya ilə normal dialoq olsaydı, o zaman Ermənistan bəyan etdiyi diversifikasiya siyasətini həyata keçirə bilərdi.

“Düşünürəm ki, yaxın gələcəkdə Ermənistan daha da təlatümlü vəziyyətə düşəcək: dünya getdikcə qeyri-sabitləşəcək, proseslər sürətlənəcək, bu da bizim regiona təsir edəcək. Bu vəziyyətdə Ermənistan hakimiyyətinin kursu dövlətin sabitliyi üçün çox təhlükəlidir, çünki əlimizdə olanlar hesabına həyata keçirilən diversifikasiya siyasəti təhlükələr daşıyır və artıq problemlər yaradır. Bəli, hamı sülhə can atır, amma biz bu vəziyyətdə sülhə nail ola bilərikmi? Mən buna qəti şəkildə şübhə edirəm”, – Qukasyan vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*