Məhkəmə keçmiş müdafiə naziri Sergey Şoyqunun vəzifəsindən uzaqlaşdırılan müavini Timur İvanova məxsus iki avtomobili və bir motosikleti müsadirə edib.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, nəqliyyat növlərinin hamısı nazir müavininin qohumlarının adına yenidən qeydiyyata alınıb. Halbuki İvanovun 2019-cu il üçün bəyannaməsində hər iki avtomobilin ona məxsus olduğu göstərilir.
Məlum olub ki, 2023-cü ilin fevralında avtomobillər nazir müavininin keçmiş həyat yoldaşının adına yenidən qeydiyyatdan keçirilib və apreldə yol qəzasından sonra satışa çıxarılıb. Motosiklet isə 2022-ci ildə nazir müavininin atasının adına yenidən qeydiyyata alınıb.
Həbsə qədər Timur İvanov üç dəfə evlənib. Onun üçüncü həyat yoldaşı keçmiş teleaparıcı Mariya Kitaeva, ikinci həyat yoldaşı isə sahibkar Svetlana İvanovadır. Birinci arvadının adı açıq mənbələrdə göstərilmir.
Vəkil Murad Musayev bildirib ki, nazir müavininin işi üzrə onun qohumlarının əmlakına, o cümlədən valideynlərinin hesabında olan 10 min rubla həbs qoyulub.
Nazir müavini Timur İvanov aprelin 23-də həbs edilib. Mayın 8-də Basmannı məhkəməsi cinayət işi çərçivəsində Timur İvanovun əmlakına həbs qoyulması barədə vəsatəti təmin edib. O, xüsusilə böyük miqyasda – 1 milyard rubl rüşvət almaqda ittiham olunur. Nazr və digər təqsirləndirilən şəxslər günahlarını etiraf etmirlər.
Xatırladaq ki, mayın 14-də Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi Yuri Kuznetsov da həbs edilib. O, həmçinin xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir.
Xatirə SADİQ,
KONKRET.az
