Ermənistan öz tarixinin bəlkə də, ən kritik, dönəmini yaşayır. Bu da müstəsna olaraq, qapıbir qonşular – Azərbaycan və Türkiyə ilə düşmənçiliyə son verib-verməmək qərarı ilə birbaşa bağlıdır. Məhz ediləcək seçimdən təkcə erməni xalqının tərəqqi yoluna çıxıb-çıxmayacağı deyil, eyni zamanda, Ermənistan adında simvolik dövlətin dünyanın siyasi xəritəsində qalıb-qalmayacağı birdəfəlik məlum olacaq.
Erməni xalqının yanılma limiti artıq bitib. Doğru seçim üçün isə yol çoxdan bəlli. Bundan ötrü Ermənistan illərdir bölgədə oynadığı terrorçu dövlət rolundan, qonşulara qarşı əsassız ərazi iddialarından, heç vaxt reallaşmayacaq xülyalardan, o cümlədən saxta soyqırım mərəzindən həmişəlik vidalaşmalıdır. Bunun üçün tarix, zaman bəlkə də sonuncu dəfə bu bədxah millətə şans verib. Baş nazir əvəzi Nikol Paşinyan isə yeganə doğru seçimi həyata keçirmək üçün son seçkilərdə öz xalqından mandat alıb. Qalır onu reallaşdırmaq. Düzdür, onun üçün, tərəfdarları üçün çox çətin olacaq. Ancaq başqa yol qalmayıb…
Proseslərin qeyd elədiyimiz axarda, həm də geridönməz şəkildə üz tutduğunu artıq erməni cəmiyyətində, onun ekspert camiyəsində də anlamağa başlayıblar. KONKRET.az-ın məlumatına görə, politoloq Suren Sərkisyan bu barədə özünün Facebook səhifəsində yazır: “Bütün bunların ”son stansiyası” nə olacaq? Regional proseslər tezliklə üzləşəcəyimiz aşağıdakı mümkün ssenarilərdən birini özündə ehtiva edəcək:
Ermənistanla Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması. Bura daxildir: 1. Azərbaycanın ərazi bütövlüyünün tanınması. 2. Azərbaycana qarşı ərazi iddialarından imtina. 3. Diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması. 4. Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi (əsasən Ermənistan əraziləri hesabına).5. İstisna etmirəm ki, Ermənistan tamamən ordudan imtina etmə öhdəliyi də götürəcək və yalnız azsaylı polis qüvvələri saxlayacaq (İkinci Dünya müharibəsindən sonra kapitulyasiya edən Yaponiya kimi)”.
Politoloq Ermənistanın Türkiyə ilə bağlı atacağı addımları isə belə sıralayıb: “Ermənistanla Türkiyə arasında sülh müqaviləsinin imzalanması. Bura daxildir: 1. ”Soyqırımın” tanınması tələbindən imtina, Türkiyənin ərazi bütövlüyünün tanınması, ərazi iddialarından imtina. 2. Ermənistanın İstiqlal Bəyannaməsinin redaktə edilməsi, Ararat təsvirinin ölkənin gerbindən çıxarılması. 3. Sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması. 4. Türkiyəni Azərbaycanla birləşdirən dəhliz məsələsində güzəşt. 5. Ermənistan ərazisində Türkiyə və ya Azərbaycanın təhlükəsizliyini təhdid edə biləcək başqa dövlətin hərbi mövcudluğunun istisna edilməsi”.
Sərkisyan sonda yazır: “Bütün bunların qarşılığında bizə Türkiyə-Azərbaycan kapitalının axını vəd ediləcək – hansı ki, ”böyük investisiyalar” şəklində deyil, əsasən “iqtisadi ekspansiya” formasında olacaq – bir növ, Gürcüstanın nümunəsindəki kimi. Təkrar edirəm, bu mümkün ssenarilərdən biridir. Onun reallaşması həm də Cənubi Qafqaz və Qara dəniz bölgəsində Şərqlə Qərb arasında qlobal rəqabətin gedişatından asılıdır”.
Göründüyü kimi, əslində bu statusda Ermənistan ordudan imtina edə bilər – Yeni dönəmin diktəsi, Bakının şərti Hansı yerdə ki, o bir daha öz “boyundan yuxarı” tullanmaq sevdasına düşə bilməyəcək. Həmçinin absurd, erməni xalqına yalnız faciələr gətirmiş iddialardan da vaz keçmək lazım gələcək.
Eləcə də ordudan imtina. Niyə də olmasın. “Miatsum” sərsəmləməsi, “dənizdən-dənizə” ideyası dəfn ediləndən, gündəmdən çıxandan sonra, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurulandan sonra böyük vəsait tələb edən modern silahlı qüvvələr, yaxud xarici hərbi bazalar saxlamaq Ermənistanın nəyinə lazım olacaq ki? Kim bilir, ümumiyyətlə, Azərbaycan, Gürcüstan və Ermənistan Avropa Birliyi modelinə bənzər “Qafqaz Evi” qurandan sonra sərhəd qoşunlarına da ehtiyac qalmaya bilər.
Hər şey erməni xalqı və onun rəhbərliyinin tarixin gedişatını, dünyada və bölgədə gedən prosesləri düzgün qiymətləndirməsindən, o cümlədən Rusiyanın Güney Qafqazda öz hərbi mövcudluğunu qoruyub saxlamaq istəməsinin əsl səbəbini dərk eləməsindən asılı olacaq.
Əslində bu, həm də zamanın, yeni gerçəkliyin və dönəmin diktəsidir. Həmçinin rəsmi Bakı və Ankara dəfələrlə bəyan edib ki, Ermənistan qarşı heç bir torpaq iddiası yoxdur və onun ərazi bütövlüyünü tanımağa hazırıdır, yetər ki, İrəvan da iki qonşu ölkəyə qarşı simmetrik ədalətli mövqe sərgiləsin. 44 günlük Qarabağ müharibəsində aldığı sarsıdıcı zərbədən sonra bölgədə faktiki söz sahibliyi qalmayan İrəvan üçün tək doğru yol budur… /müsavat.com
